15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 10 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.
Görüş zamanı bildirilib ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.
Qeyd edək ki, həmin ailələrə ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilib. Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti