Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Ramazan bayramı, bəzən də azərbaycanlıların təbirincə desək, Orucluq bayramıdır. Orucluq bayramı da ilin mübarək, möminlərin qəlbinə sevinc bəxş edən günlərindən biridir. İslam dininə görə, oruc tutmaq müsəlmanların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ramazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dünyasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Müqəddəs "Qurani-Kərim" Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu "Quran"ın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.
Xalq orucluğa həm də İslamın əxlaqi-mənəvi təhcizatı kimi baxmışdır. Həqiqətən, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edilir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. “Quran oruc tutmağı İslamın müsbət meyarı kimi götürmüş, başqa vacib əməllərin yerinə yetirilməsində yol verilmiş xətaların orucluq vasitəsilə bağışlanmasının mümkünlüyünü təsbit etmişdir”("Qurani-Kərim", "əl-Bəqərə",185).
Müsəlman aləmində müqəddəs Ramazan bayramı dini baxımdan mərasimin icrası ilə yanaşı, milli xüsusiyyətlərində cəm olduğu məqamların icrası ilə də yadda qalır. Türk dünyası müsəlmanları arasında müqəddəs Ramazan ayına milli özəlliklər əlavə edən, özündə humanist dəyərlər ehtiva edən mərasimlər də icra olunur. Bu mərasimlər milli və dini dəyərlərə böyük sevgi, ehtiramın yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisində də özünü göstərməkdədir. Elə Ramazan ayı boyunca iftar süfrələrinin, ehtiyacı olan insanlara yardımların verilməsi və bu kimi əməllər bu müqəddəs ayın savabını daha artırır. Naxçıvan Muxtar Respublikası ərazilərində bu müqəddəs ay zamanı insanlar humanist əməllərin icrasına tələsirlər. İmkanlı şəxslər maddi imkanı zəif ailələrə yardımlar etməklə dinimizin tövsiyələrini icra edir, milli dəyərlərdən irəli gələn humanist əməllərə riayət etməyə çalışırlar. Bu da öz növbəsində gələcək nəslə humanizmi əyani şəkildə tərbiyənin bir növünün göstəricisidir.
Naxçıvan Muxtar Respublikası ərazisi olan qədim Ordubad bölgəsi milli-mənəvi, dini dəyərlərin icrasının özünəməxsus cizgiləri ilə həmişə fərqlənmişdir. Bu baxımdan bu ərazidədə müqəddəs Ramazan ayının tələblərinə yüksək səviyyədə əməl olunur. Bəzən bu əməllərə əraziyəməxsus milli və dini dəyərlərin məcmusundən ibarət mərazimlərin icrası daxil olur ki, bunlardan biri də elə Ramazan ayının 14-cü gecəsindən sonra icra olunan “Orucun 15-i” mərasimidir.
Folklor materiallarından aydın olur ki, Ordubad şəhəri və onun ətraf kəndlərində Ramazan ayının 15-ci gününü xüsusi təntənə ilə qeyd edirlər. Ordubadlıların “orucun on beşi” adlandırdıqları bu gündə iftar süfrələri digər günlərlə müqayisədə daha zəngin olur. Nişanlı qızların valideynləri oğlan evinə qonaq gəlir, bütün ailə üzvləri, xüsusən də bəy üçün hədiyyələr gətirirlər.
Bu gün, yəni Ramazan ayının 15-ci günü Ordubadda ən çox diqqəti cəlb edən uşaqların şənliyidir. Hər bir məhəllənin uşaqları dəstə-dəstə toplaşaraq evlərə gedir, torba atır, “orucun on beşi” paylarını toplayırlar. Bir neçə gün əvvəldən ailələrdə evə gələcək “kiçik qonaqları” qarşılamaq və onları razı salmaq məqsədilə müəyyən şirniyyat növləri hazırlanır. Əvvəllər bunlar evdə qadınlar tərəfindən hazırlanan şirin çörəklər, “cəvizli kükə”, “yağlı kükə”, meyvə qurularından ibarət olurdusa, indi dükanlardan hazır şirniyyatlar, şirin çörəklər, biskvitlər və sair alınır, əvvəlcədən evdə hazır saxlanılır. Bu haqda topladığımız mətnlərin birində deyilir: “Ordubadda orucluq ayının on beşində hər uşaq əlinə bir torba alıp qapı-qapı gəzir, orucluğun sovqatını istəyir. Onlar pay istərkən hər kəsə belə müraciət edirlər:
Orucun beşidir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Ya rəbbi, gəlir, rübba gəlir,
Boşqabı doldurub gəlir.
Verənin oğlu-qızı çox olsun,
Doğduğu oğlan olsun,
Sonbeşiyi qız olsun,
Açılsın sünbül olsun.
Əgər ev yiyəsi ayağın sürüyərsə, uşaqları gözlədərsə, o zaman uşaqlar bir də oxuyarlar:
Orucun beeşidir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Ya rəbbi, gəlir, rübba gəlir,
Boşqabı doldurub gəlir.
Verənin oğlu olsun,
Vermiyənin kor qızı olsun,
O da düşsün təndirə yansın.
Uşaqlar mahnını oxuduqdan sonra paylarını alıb gedirlər. Bəzən uşaqlar oxumurlar, bu zaman ev yiyəsi uşaqlar oxuyana qədər onların payını vermir. Ramazan ayının on beşinci günündə uşaqlar yeməli nemətlər, şirniyyatlar toplayırlar. Bu nemətləri bəzən ay bitənə qədər yeyib qutara bilmirlər. Ərazidən topladığımız məlumata əsasən, çox nadir hallarda olar ki, uşaqlar daxil olduqları evdən əliboş çıxarlar. Belə olan halda onlar ev yiyəsindən heyiflərini alardılar.
Araşdırıcı Məmməd İsmayıl “El sözü, yurd yaddaşı” kitabında Ordubadda qeyd olunan “Orucun on beşi” mərasimini özündə ehtiva edən maraqlı mətn nümunəsi vermişdir. M.İsmayıl bu adətin eyni variantının Türkmənistanda da olduğunu söyləyir. Həmin gün uşaqlar qapı-qapı gəzib pay alırlar. Oxunan parçalar Ordubaddakına çox yaxındır.
Yukarıda bir ay var,
Ucu kızıl yay var.
Peygamerin saçagında
Bize konulmuş pay var.
Çok verenin oğlu olsun,
Az verenin kızı olsun,
Teyzecam, on oğlun olsun.
Məhəmməd Hüseyn Təhmasib “Məktəb jurnalında folklora münasibət” məqaləsində orucun 15- i günü oxunulan mətnlərdən nümunə vermişdir:
Orucun on beşinə gəldik sizə,
Qazanın qazmağını verin bizə.
Nə verir isəniz, veriniz bizə,
Şilə, şirni, ya da firni,
Bağa da bazardan gəldi.
Orucun on beşinə gəldik sizə,
Orucun niyazını verin bizə,
Xanım, ayağa dursanna!
Boşqabı doldursanna!
Uşağın, oğlun olsun,
Allahı sevər isən,
Bizi yola tez salsana!.
Mətndən göründüyü kimi, uşaqlara vermək üçün orucun 15-də evdə şirnilər hazırlanırdı. Xalqın yaddaşında bu günün tarixi ilə əlaqədar bir rəvayət də yaşamaqdadır: ”Məhəmməd Peyğəmbərin uzun müddət övladı olmurmuş. Orucun 15-ci günü onun övladı dünyaya gəlir. Peyğəmbər bu münasibətlə uşaqlara şirniyyat alıb paylayır. Və bundan sonra hər il orucun 15-ci günündə hər bir ordubadlı ailə uşaqlara şirniyyat paylayır”.
Bu adət bəzi fərqlərlə Azərbaycanın başqa regionlarında – Şəki ərazisində də izlənməkdədir. Burada isə uşaqların pay istəməsi orucluq ayının 30-cu gününə təsadüf edir. Alacaqları pay da yumurtadan ibarət olur. Adəti özündə əks etdirən mətnə diqqət edək:
“Həşərəm, hüşərəm,
Yumurta vermiyənnən küsərəm,
Yumurta verənə oğlan olsun,
Vermiyənə qız olsun,
Adı da Fatma olsun,
Qaşdarı çatma olsun,
Baxtı da qara olsun”.
Ramazan ayının 15-ci günü Təbrizdə də qeyd olunur və bu münasibətlə “On beş aşı” adlanan yemək bişirilir.
Qədim Ordubad torpağında müqəddəs Ramazan ayının 15-ci günü öz maraqlı, təmtəraqlı icrası ilə diqqət cəlb edir. Maraqlı burasıdır ki, ərazidə hər evdə bu mərasimə bir neçə gün öncədən hazırlaşırlar. Evə gələn uşaqları əlidolu yola salmaq üçün hər bir ordubadlı ailəsi fəallıq göstərir. Müxtəlif şirniyyatlar, meyvələr, meyvə şirələri uşaqların ev yiyəsindən səbirsizliklə gözlədikləri nemətlərdir. Zaman keçdikcə müasir elementlərin müdaxilə etdiyi digər mərasim folkloru nümunələri kimi, Orucun 15-i mərasimində də uşaqlar pay istərkən oxuyub-oynamaq, müasir mahnılar ifa etməyi də sevirlər. Hər necə olursa olsun, ordubadlılar digər mərasimlər kimi “Orucun 15-i” mərsiminin də hər il icrasını təşkil etməklə gələcəyə ötürmək kimi müqəddəs missiyanı qoruyur və yerinə yetirirlər.
Filologiya üzrə fəlsəfə doktoru Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsi