22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyəti səmərəli məşğulluğun artmasında, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrinin inkişafında, daxili bazarın yerli məhsullarla təmin edilməsində xüsusi önəm kəsb edir. Bu sahədə aparılan məqsədyönlü işlər ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkar­lığın inkişafına əlavə imkanlar açıb. Bu gün qədim diyarımızda ailə təsərrüfatları qurub, daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin edən və əldə etdiyi gəlirlə təsərrüfatını ildən-ilə genişləndirən, eləcə də ailə büdcəsinin gəlirlərini daha da artıran zəhmət adamlarının sayı yüzlərlədir. Onlardan biri də Ordubad rayonunun Ələhi kəndində yaşayan Yaşar ­Həbibovdur.

 O, demək olar ki, bütün təsərrüfat sahələri ilə məşğul olur. Təcrübəli təsərrüfatçı ilə söhbətimiz zamanı bildirdi ki, bu sahəyə həmişə maraq göstərib. İllər keçdikcə yaxşı gəlir əldə etdiyindən daha da ruhlanıb, təsərrüfatında istehsal etdiyi məhsulların çeşidini artırıb. iki hektara yaxın həyətyanı torpaq, biçənək, əlavə bağ sahəsi var. O deyir ki, bərəkətli torpaq sahələri bu məhsulları ərsəyə gətirməkdə mənə böyük dəstəkdir. Çalışıram ki, təsərrüfatımı genişləndirim, daha çeşidli məhsullar istehsal edim. Ekoloji cəhətdən təmiz və təbii məhsullar ərsəyə gətirən Yaşar Həbibovun hazırladığı qovurma, müxtəlif növ mürəbbə və şirniyyatlar, pendir, qatıq, meyvə araqları, eləcə də turşular, salatlar, təbii meyvə şirələri, dərman bitkilərinin ekstraktları sahibkarın zəhmətinin bəhrəsidir. Muxtar respublikamızda keçirilən “Ailə təsərrüfatı məhsulları”, “Arıçılıq məhsulları – bal festivalı”nda üç ildir ki, fəal iştirak edir, istehsal etdiyi məhsulları festivallara çıxarır və dəfələrlə qalib adını qazanıb. Zəhmət adamı deyir: Bostanımda heç bir kimyəvi gübrədən istifadə etmir, orqanik məhsullar yetişdirirəm. Bu səbəbdən də festivallara çıxardığım məhsullar həmişə alıcılar tərəfindən yüksək səviyyədə qarşılanır. Həmin məhsullar içərisində diqqəti cəlb edən evdə istehsal etdiyim konservləşdirilmiş ət, bir çox dərman bitkilərindən hazırladığım ekstraktlar, turşular və sairdir. Bu məhsulların üzərinə vurulan sertifikatlar festivallarda iştirak edən xarici turistlərin mənə müraciət sayını artırıb.

Yaşar Həbibov ev quşları və mal-qara da saxlayır. Süd, qaymaq, pendir kimi ağartı məhsullarını bazara çıxarıb qazanc əldə edir. O həm də dibçək və torpaqda limon yetişdirir. Yaşar əminin sözlərinə görə, dibçəkdə yetişdirilən limon daha keyfiyyətli olur. O deyir: Bu gün muxtar respublikada brend məhsullardan sayılan qızıl çiyələkdən hazırladığım mürəbbə məhsullar içərisində özünəməxsus yer tutur. Diyarımızda ilk dəfə becərilən, qeyri-adi dada, müalicəvi əhəmiyyətə malik olan çiyələyin bu yeni növünü artıq bir neçə ildir ki, əkib-becərirəm. Bu nadir meyvə bir sıra xəstəliklərin müalicəsində faydalı olduğu üçün alıcısı da çox olur.

Müsahibim bildirir ki, muxtar respublikada zəhmətkeş insanların əməyi daim qiymətləndirilir, onlara təsərrüfatlarını genişləndirmək üçün şərait yaradılır, dəstək göstərilir. Bu gün dövlətimizin ailə təsərrüfatlarına verdiyi dəstək nəticəsində təsərrüfata olan bağlılıq daha da artıb.
Yaşar Həbibov arıçılıqla da məşğul olur. Keyfiyyətli arıçılıq məhsulları istehsal edən sahibkar Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda hər il iştirak edir. O bildirir ki, istehsal etdiyimiz məhsulları Bakı şəhəri ilə yanaşı, Türkiyənin bir sıra şəhərlərinə də sata bilirik.

Təsərrüfat başçısı həyətində əkdiyi kartof, lobya, pomidor, xiyar, kələm və digər məhsulları da satışa çıxarmaqda çətinlik çəkmədiyini deyir. Bu il bağımızda olan müxtəlif meyvə ağaclarından da yüksək məhsuldarlıq əldə etməyi gözləyirik. Təsərrüfatçı ailə üzvlərinin köməyi ilə alma, armud, heyva, üzüm, şaftalı, gilənar, gilas, əncir, tut və digər meyvə və giləmeyvələrdən kompot, mürəbbə, doşab hazırladıqlarını dedi. Bundan başqa, topladığımız dərman bitkilərindən – kəklikotu, həmərsin, yemişan və digərlərindən mürəbbə hazırlayır, boymadərən, çobanyastığı, şahtərə, baldırğan, çayır kimi bitkilərin ekstraktını çəkirik. Hazır­ladığımız bütün məhsullar öz keyfiyyəti ilə seçilir.
Nümunəvi ailə təsərrüfatı sahibi muxtar respublikamızda insanların rahat yaşaması üçün yaradılan şəraitə, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək və qayğıya görə dövlətimizə minnətdarlığını bildirdi.

Burada gördüklərimiz onu deməyə əsas verir ki, bu gün muxtar respublikamızda Yaşar Həbibov kimi nümunəvi ailə təsərrüfatçıları kifayət qədərdir. Onların istehsal etdikləri məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, qədim diyarımızın ölkə xaricində tanıdılmasında da mühüm rol oynayır.
- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR