Mart ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bir sıra tapşırıqlar verilmişdir. Müşavirədə, verilmiş tapşırıqlarından biri də 65 yaşdan yuxarı olan tənha ahıllara həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlərin göstərilməsi ilə bağlıdır.
Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tənha ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikada tənha yaşayan, yaşı 65-dən yuxarı olan ahıllar, yerli icra hakimiyyəti orqanları ilə birgə müəyyən edilir və onlara evlərində sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən zəruri xidmətlər göstərilir.
Bu gün də həyata keçirilən bu tədbirlərin davamı olaraq, Naxçıvan MuxtarRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyenik qaydalara riayət etməklə, evlərdə təmizlik işləri aparıb, gətirdikləri tibbi profilatik məmulatları sakinlərə təqdim ediblər.
Qeyd edək ki, bu sosial aksiyaya artıq “Badamlı” şirkəti də qoşulub. Şirkət nümayəndələri də könüllülərlə birgə ahılları ziyarət edib, onlara “Badamlı” mineral sularından ibarət sovqatlar təqdim ediblər.
Əlavə edək ki, muxtar respublikada bu kimi tədbirlər davamlı xarakter alıb və pandemiya dövründə ümumilikdə 301 tənha ahılı əhatə edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti