22 Dekabr 2024, Bazar


Şahbuzluların torpaqla ünsiyyəti, zəhmətə qatlaşmaları hektarlarla yeni bağların salınmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə, meşə sahələrinin artırılmasına, səliqə-sahmanın qorunmasına və təmizliyə səbəb olub. Torpağa bağlanılan, zəhmətə qatlaşılan yerdə yaşıllıq da bol olar, sağlamlıq da. Rayon sakinləri də illərdir ki, bu amalla yaşayır, hər tərəfdə yaşıllıq, gülzarlıq, bağ sahəsi gözəllik yaradır.

 Çəkilən zəhmət də öz bəhrəsini verir. Bu gün şəhər, qəsəbə və kəndlərimizdə iməcilik yolu ilə daşlı-kəsəkli boş sahələr təmizlənərək yararlı sahələrə çevrilib. Əkin üçün hazırlanıb, çoxlu tinglər əkilib, meyvə bağları salınıb. İndi isə onlara qayğı göstərilir, qulluq edilir ki, barlı-bəhərli olsunlar. Ona görə də əkilən fidanlar tezliklə qol-budaq atır, gözəllik mənzərəsi yaradır. Zəhmət çəkən, əziyyətə qatlaşan insanlar bu gün də gözəlliyə öz töhfələrini verirlər. Rayonumuzun hər bir sakini illər boyu mütəmadi olaraq böyük əmək sərf etməklə yaşıllıq zolaqlarını genişləndirmiş, yeni bağ sahələri salmışlar. Həmçinin təmizlik, səliqə- sahman işlərinin də fəal iştirakçısı olublar. Elə bu səbəbdən də rayonumuz el birliyi ilə yaradılan gözəlliyin ağuşundadır. Bu gözəllik yaşıllıqlarda, yeni salınmış bağlarda, yol boyunca nizamla sıralanmış ağaclarda, təmiz yollarda, ictimai və inzibati binaların birbirinə boy verən yaraşıqlı görkəmində təzahür edir.

Gözəlliyi artırmaq, onu qorumaq və yaşatmaq üçün rayon sakinləri yaz fəslində yeni meyvə bağları salırlar. Bu dəfə də yeni meyvə bağı rayonun Daylaqlı kəndi ərazisində salınıb. 2 hektar sahəni əhatə edən bu ərazi əvvələr əkinəyararsız sahə olub. Lakin az bir vaxtda bura texnikaların vasitəsilə hamarlanıb, əkinəyararlı hala gətirilib. Tinglər üçün çalalar qazılıb, üzvi gübrədən istifadə olunaraq əkinlər aparılıb. Əraziyə rayonun iqliminə uyğun 1800 ərik, badam, gilas, alma, gavalı tingləri əkilib. Qeyd edək ki, yaz aylarında rayon ərazisində 9,5 hektar yeni bağların salınması nəzərdə tutulub. Yaşıllaşdırma tədbirləri həftəiçi günlərdə də davam etdirilib. İməciliklərdə Badamlı qəsəbə yolunun kənarlarına 2400 meşə ağacı, 40 ardıc tingi əkilib. Badamlı Mineral Sular Zavodunun həyətində 1 hektar sahədə meyvə bağı salınıb. Həmçinin rayonun Nursu kəndində də 1.5 hektar sahədə yeni üzüm bağı salınıb. Yeni üzüm bağının salınması üçün Nursu kəndindəki yamac sahə seçilib. Əkin aparılmazdan əvvəl sahədə aqrotexniki tədbirlər görülüb.

Ərazi təmizlənərək yararlı hala salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 minə yaxın üzüm tənəyi basdırılıb. Kənd sakinləri də bildirirlər ki, əvvələrdə Nursu kəndində yaxşı üzümçülük ənənələri olub. Burda həm süfrə, həm də texniki sortlar əkilib. Sakinlər üzümdən doşab, muxtəlif içkilər, mövüz, kişmiş hazırlayıblar. Kənd sakinləri bir zamanlar Şahbuz rayonunda fəaliyyət göstərən üzüm emalı zavoduna min tonlarla üzüm təhvil veriblər. Yeni salınan üzüm bağını kənd sakinləri qədim üzümçülük ənənələrinin bərpası kimi dəyərləndirir. Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 10 hektara yaxın sahədə yeni üzüm bağı salınıb.

 “Oğuz səsi” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR