22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq vətəndaşlar tərəfindən bir sıra hallarda məişət elektrik cihazlarından düzgün istifadə olunmaması səbəbindən yanğın kimi xoşagəlməz hadisələr baş verir, vətəndaşların sağlamlığına və mülkiyyətinə ciddi ziyan dəyir. Belə xoşagəlməz halların baş verməməsi üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi  vətəndaşlarımıza aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tövsiyə edir.

Elektrik mühərrikləri, nəzarət ölçü cihazları, köməkçi qurğular və elektrik ötürücü naqilləri (kabellər) müvafiq qaydalara uyğun seçilib quraşdırılmalı, artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucularla təmin edilməlidir. İşin sonunda bütün otaqlarda istifadə olunan elektrik cihazları dövriyyədən ayrılmalıdır. Elektrik qurğularının istismarı zamanı elektrik aparatları və cihazlarını hazırlayan müəssisənin tövsiyələrinə uyğun olmayan şəraitdə və nasaz elektrik cihazlarından istifadə etmək, izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqilləri və ya kabelləri istismar etmək, elektrik lampası və işıqlandırıcısını mühafizə örtüyü olmadan istifadə etmək qadağan olunur. Yadda saxlamaq lazımdır ki, bir elektrik uzadıcısına eyni vaxtda bir neçə elektrik cihazını qoşmaq olmaz, çünki uzadıcı artıqyüklənmədən tez əriyərək qısaqapanmaya və yanğının baş verməsinə səbəb ola bilər.

Dayağı yanan materiallardan olan elektrik ütülərindən, çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, məişət elektrik cihazlarının şəbəkəyə qoşulu vəziyyətdə nəzarətsiz qoyulması yolverilməzdir.

Yaşayış evlərində nasaz və qeyri-standart elektrik qızdırıcı cihazlarından istifadə etmək yolverilməzdir. Məişət elektrik cihazlarının istifadəsini azyaşlı uşaqlara həvalə edib evi tərk etmək olmaz. Mobil telefonların və digər elektrik cihazlarının qidalandırıcılarının uzun müddət elektrik dövriyyəsində qoşulu vəziyətdə saxlanılması yanğın təhlükəsi yarada bilər.

Evin çardaq hissəsindən elektrik xətlərinin çəkilişi yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Çünki uzun müddət günəş şualarının və temperaturun təsirindən naqillərin izolyasiya təbəqəsi sıradan çıxır, qısaqapanmaya və yanğına gətirib çıxarır. Qısaqapanma izolyasiyası olmayan və ya  zədələnmiş iki müxtəlif elektrik naqilinin biri-biri ilə birləşməsindən meydana gəlir və naqillərin alışmasına səbəb olur. Elektrik xətlərinin telefon və ya radio naqillərinə, radio və televiziya antenalarına, dam örtüklərinə toxunmasına, eləcə də telefon və radio naqillərindən cərəyankeçirici kimi istifadə edilməsinə yol vermək olmaz.

Elektrik qızdırıcı cihazları yanmayan altlıq üzərinə qoyulmalıdır. Otaqdan və evdən çıxarkən elektrik cihazları şəbəkədən ayrılmalıdır. Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar  nəzarətsiz qaldıqda yanğın təhlükəsi yaradır. Cərəyana qoşulmuş elektrik çaynikinə və ya samovara uzun müddət nəzarət etmədikdə, su qaynayıb buxarlandıqdan sonra çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır, bu isə yanğın baş verməsi üçün kifayətdir.

Məişət elektrik cihazlarından istifadə zamanı vətəndaşlar daha da diqqətli olmalı, belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməlidir. 

       Naxçıvan Muxtar Respublikası  Fövqəladə Hallar

Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR