Naxçıvan diyarının yetirdiyi – bitirdiyi yüzlərlə nemət vardır. Bu nemətlərin içərisində yabanı bitkilərin yeyilməli olanları dad-tamları, vitamin zənginliyi ilə dillərdə deyilir. Həmin bitkilərdən biri də göbələkdir. Elə ki, yaz gəldi, dağlar, düzlər yaşıllaşdı, bol nemətli yurdumuzda dadı damaqlarda qalan bitkilərimiz bir-bir torpağın altından boy qaldırıb, ötən yazdan bu yaza baharın gəlişini səbrsizliklə gözləyənlərin həsrətinə son qoyurlar. Yemiliyi, qazayağısı, cacığı, yarpızı, bulaqotusu, baldırğanı, çaşırı bir aləmdisə bu yerlərin, göbələyi tam başqa bir aləmdir. Çünki hər yerdə təsadüf edilməyən, insanın qarşısına harada gəldi çıxmayan bu bitkini toplamaq üçün onu çox axtarmalı, aramalısan. Göbələk yığımı ilə uzun illər məşğul olanların qənaətinə görə göbələkdən hazırlanan yeməklərin dadı, faydası onu tapıb dərərkən insana verdiyi zövqlə yarıbayarıdır.
Göbələk haqqında məlumat toplamağa çalışarkən öyrəndik ki, onun yüz minə yaxın növü vardır. Bu bitkiyə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.
Tədqiqatların nəticəsi olaraq göstərilir ki, Naxçıvan diyarında göbələklərin yayılma arealı və istifadəsi XI əsrə təsadüf edir. Həmçinin aydınlaşdırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində zəhərli göbələklərə çox az təsadüf olunur. Bəlkə də, buna görədir ki, ölkə bazarında Naxçıvan göbələyinin özünəməxsus yeri vardır.
Naxçıvanda ən çox və dadlı göbələk isə Şahbuz rayonu ərazisində bitir, deyirlər. Kükü, Keçili, Gömür, Biçənək, Nursu dağları, Batabat yaylağı belə göbələklərin ən çox yayıldığı yerlərdir. Yaz yağışları, ardınca da günəş göbələklərin torpağın altından baş qaldırması üçün ən əlverişli hava şəraitidir.
Ümumiyyətlə, deyirlər ki, ilin yağıntılı olması göbələyin bol olmasının göstəricisidir. Budur, artıq yurdumuzun yaz sərvətlərindən biri olan göbələyin də yığım vədəsi gəlib çatıb. Artıq bir azdan dağlarımızın, yaylaqlarımızın bol oksigenli, günəşli, havasından, saf sularından qidalanaraq tərkibi vitaminlərlə zənginləşmiş göbələk yığılaraq bazarlarımıza çıxarılacaqdır. Onu da demək yerinə düşər ki, hər adam göbələk yığa bilməz. Göbələk yığmaq adı ilə evdən çıxıb axşama əliboş qayıdan adamlar çox olub. Çünki göbələk harda gəldi bitmir. Möcüzəli təbiətimizin bu bəxşişinin özünəməxsus sirləri də var. Həmin sirlər isə bu yerlərin təbiətinin dilini bilənlərə məlumdur. Şahbuz rayonunun Şahbuz şəhərində yaşayan Novruzəli Quliyev neçə illərdir ki, övladları Yavər və Ceyhunla birlikdə mövsümdə göbələk yığıb bazara çıxaranlardandır. O, deyir ki, göbələk bir qismətdir, o, hər kəsin qarşısına çıxmaz. Həm də göbələyin yığım vaxtları, yığım saatları olur. O, hər zaman özünü onu axtaranlara göstərməz.
Yavər isə deyir ki, neçə illərdir ki, bu dağlarda göbələk yığıram, hər dəfə göbələyə rast gələndə eyni sevinci yaşayıram. Bilmirəm bu nə sirdir, lakin kolların dibindən, otların arasından hər dəfə göbələyin boylanmasını görəndə insanın qəlbinə bir sevinc hissi dolur. Baxmayaraq ki, hər il atamla birlikdə 250-300 kiloqram göbələk toplayıb satırıq, inanın, hər dəfə ona rast gələndə eyni hissləri keçirirəm.
Onlara göbələk zəhərlənmələri ilə, bir də onun yığım qaydası ilə bağlı suallar da verdim. Novruzəli əmi dedi ki, bəli, göbələk zəhərlənməsinin çox ağır nəticələri olur. Ona görə də göbələyi onu tanıyan, bu yerlərin təbiətinin dilini bilən adamlar toplamalıdırlar. Biz əsasən həm dadı ilə fərqlənən, həm də insan üçün təhlükəsi olmayan ağ, ətli, kartof göbələkləri yığırıq. Mən neçə illərdir ki, bu işlə məşğul oluram, hələ mənim satdığım göbələkdən zəhərlənən adam olmayıb. Ümumiyyətlə isə Şahbuz dağlarında zəhərli göbələk növlərinə çox az halda rast gəlinir.
Yavər isə göbələyin yığım qaydası ilə bağlı belə dedi:
– Mən bu mövsümdə dağlara, yaylaqlara yolu düşənlərin hər birindən xahiş edərdim ki, təbiətlə, eləcə də onun neməti olan göbələklə çox yumşaq davransınlar. Bir də görürsən ki, kimsə bir göbələk tapıb, qazıb, onu dibindən çıxarıb gedib. Belə etməyin, axı onun kökünü kəsə bilərik. Göbələyin yığım qaydası belədir ki, onu torpaqdan bir qədər yuxarıdan, gövdəsindən ehmalca bıçaqla kəsib götürürsən. Belə olanda onun kökü torpaqda qalır və gələn il bir də bar verir. Əks təqdirdə isə onun kökünü tamamilə kəsmiş olarıq.
Novruzəli əmi göbələkdən bişirilən yeməklər haqqında da danışaraq dedi ki, el arasında deyərlər ki, mövsümdə bir neçə dəfə göbələk yeyən adam elə bil bir neçə milyon antibiotik qəbul etmiş olur ki, belə adam bir çox xəstəliklərdən kənar olar. Göbələyin köz üzərində kababı və yaxud qızartması, qış üçün turşusunun tutulması – bunların hər birinin ayrı-ayrı ləzzəti var. O, göbələyin doğranıb qurudularaq qışa tədarük edildiyini, qışda bişirərkən elə bil bu gün yığılıbmış kimi ətrini də, dadını da saxladığını bildirdi.
Hər il rayon, qəsəbə və kəndlərimizdə yaşayan yüzlərlə insan bu nemətlərdən yararlanır. Yığır, toplayır, qışa tədarük edir, kənarda yaşayan qohum-əqrəbalarına pay tuturlar. Həm də yığaraq bazarlarımıza çıxarır, bu təbii, saf, “can dərmanı” adlandırdığımız nemətlərdən digər insanların da istifadəsinə şərait yaradırlar. Belə isə nəinki göbələyin, yurdumuzun yetirib bitirdiyi hər bir gülün-çiçəyin, bitkinin düzgün toplanma qaydasına riayət etməliyik, təbiət səxavət göstərib, bu nemətləri biz insanlara nəsib edibsə, bizim də borcumuz onları qorumaq, artırmaqdır.
Mətanət MƏMMƏDOVA