Həssas təbəqənin qorunmasına yönələn sosial tədbirlər sırasında əvvəlcə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir.
Bu barədə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Nazir qeyd edib ki, aprel ayında 14 min belə ailəyə ərzaq yardımı şirkətlərimiz, təşkilatlarımız, dövlət qurumlarımız tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır.