Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsi elan edib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, professional və həvəskar fotoqraflar iştirak edə bilərlər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələri ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə dəyərlərini işıqlandırmaq, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq, həmçinin bədii zövqü inkişaf etdirməkdir.
Təqdim olunan materiallar müsabiqənin məqsədinə uyğun olmalı və şərtlərinə cavab verməli, ideya və kompozisiya orijinal olmalı, təqdim olunan iş asan qavranmalı və təsirli, keyfiyyətli olmalıdır. Bu hallar əsas qiymətləndirmə meyarlarından sayılır.
Təqdim edilən filmlər CD formatda bir ədəd diskdə və beş dəqiqədən artıq olmalı, fotolar isə 5 ədəddən artıq olmamalı, bir ədəd diskdə CD formatda və ya 20x30 santimetr və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda təqdim edilməlidir.
Mövzular isə aşağıdakı kimidir:
- Xalqımızın ailə dəyərləri, adət-ənənələri;
- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;
- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri;
- nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti;
- ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı;
- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;
- övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı;
- qonaqpərvərlik ənənələrimizin təbliği.
Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2020-ci il iyun ayının 29-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Müsabiqəyə təqdim edilmiş film və fotoların qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
- Birinci yer (iki nəfər)- diplom və pul mükafatı (200 AZN)
- İkinci yer (iki nəfər)- diplom və pul mükafatı (150 AZN)
- Üçüncü yer (iki nəfər)- diplom və pul mükafatı (100 AZN)
- Həvəsləndirici yer (altı nəfər)- diplom və qiymətli hədiyyə
Yerlər film və fotolar üçün ayrılıqda təyin edilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov
Tel: 545-39-75
Qeyd: Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır.