22 Dekabr 2024, Bazar

Xalqımız qış dövrünü çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), Ala çillə və ya Ala çolpav (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. Boz ayı “yazın qırxlı çağı” sayırlar. Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Xalq təqvimində Boz ay döl ayı kimi də tanınır. “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayı”, –  deyimi bununla bağlıdır. Çünki heyvandarlıqda döl (heyvanların balalaması), əsasən, bu aydan başlayır. 

Məlum olduğu kimi, heyvanların çoxalması onlara yaxşı qulluqdan, habelə dölün düzgün təşkil edilməsindən çox asılıdır. Dölün uğurlu olması üçün xalq arasında bir sıra mərasimlər keçirilərdi: qovut hazırlayar, kətəməz və sulux bişirərdilər. Qonum-qonşuya bulama payı göndərərdilər. Onu da qeyd edək ki, bulama aparılan qabı boş qaytarmaz, içinə duz, şirniyyat qoyardılar. Gətirilmiş duzu doğmuş heyvanın qabağına tökmək kimi adət də vardır. 

Qoyunlar quzulayanda uşaqların üzü gülər, bulaması sonbeşiklərin olar. Kənd-kəsəkdən süd qoxusu gələr, yağın, şorun, pendirin, ətin bol olması arzulanar. Bərəkət qoyun-quzu dırnağından başlayır, – deyib babalarımız.
Xalq arasında olan inama görə, heyvanların doğuşu ərəfəsində evdə soğan yandırmaq olmaz, əks halda bu, qoyunların bala salması ilə nəticələnə bilər. Artıb-çoxalmaq, bolluq, bərəkət rəmzi olaraq dölün düşdüyü yerə yumurta bişirib apararlar. Bu ayla bağlı ata-babalarımız deyiblər: “Döl düşdü, bərəkətdən göl düşdü”. Bir də belə vaxtda söyləyərlər ki, “quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər”. “Döl başı” çobanların və sahibkarların xüsusi sevincinə səbəb olan bir bayram şənliyinə çevrilər. Bir vaxtlar quzu almaq böyük bayramla keçirilərdi. Bu münasibətlə təşkil olunan şənliyə yaxınlar, bəzən də bütün kənd dəvət olunardı. Çobanlara bu zaman “döl burnu” şirinliyi verərdilər. Buraya toplaşanlar sayaçı nəğmələri oxuyar, müxtəlif əyləncəli oyun nümayiş etdirərdilər. Xalq etiqadına görə, belə şənlik təşkil edilməzsə, onda döl bərəkətli olmaz. Tədqiqatçı alim Bəhmən Əliyev yazır ki, döl ərəfəsində qoyun sürüsü yanında qurddan, canavardan söhbət salmazdılar. Deyərdilər ki, qoyun qorxudan ölü quzu doğar.
Araşdırmalar nəticəsində məlum olur ki, bəhs olunan adət və ənənələr digər türk xalqlarında da mövcud olmuşdur. Belə ki, qaraçayların və balkarların inanclarında “Aymuş” deyə bir qoruyucu ruh vardır. İnanca görə, bu ruh kiçik baş heyvanları qoruyur. Kiçik quzulardan ilki dölün bərəkətli olması üçün “Aymuş”a qurban edilirdi. Sibirdə yaşayan türk xalqları artımın uğurlu, sürülərin sağlam olmasına həsr olmuş mərasim keçirərdilər. Bu zaman heyvanı obanın yanına gətirər və obanın qarşısına qoyulmuş maddələr yandırar, heyvanı onun başına üç dəfə dolandırardılar. Sonra müqəddəs bulağın (uduq arjanın) suyundan ağzına tökər, bu su ilə həm də başını, kürəyindən tutmuş ta quyruğuna kimi yuyardılar. Başını və ayaqlarını dağlayar və ardıc ağacının tüstüsünə verər, sonra qıldan hörülmüş boyunbağına (xaltasına) rəngli parça bağlayıb heyvanı yenə sürüyə buraxardılar.
Xalq arasında olan inama görə, payız yağıntılı olarsa və ya durnalar yazda gec gələrsə, döl uğurlu olar. Etnoqrafik çöl materiallarına görə, ilk doğulan quzunun ağ rəngli olması heyvandarların sevincinə səbəb olardı. İnama görə, ilk doğulan quzunun rəngi ağ olarsa, bu həmin ilin bol-bərəkətli olacağına işarədir.
Dölçülər quzuları qardan gözləyərdilər, əgər quzuları birdən-birə qara çıxartsan, deyərlər: “Quzunu yelqursaq eləyərsən”. Boz ayda arabir mal-qaranı örüşə çıxararlar ki, heyvanın ağzı ota, dada çatsın. Elə ki, mal-qara Boz aydan salamat çıxdı, bundan sonra elat camaatı rahat nəfəs alardı.
Budur, bu Boz ay – döl ayı da kəndlərimizdə yaşayan və heyvandarlıqla məşğul olan insanların təsərrüfatlarına öz töhfəsini verməkdədir. İndi axurlar ağlı-qaralı, xallı quzularla dolub. Onlar analarına sığınaraq ağızlarının ota çatmasını “gözləyirlər”. Quzunun ruzisi torpağın altındadır. Elə ki ilaxır tonqalları yandı, istisini havaya verdi, kəndlinin qayğısı azalır: qoyun-quzu öz dırnağı ilə ruzisini torpaqdan çıxarır.

Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR