Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Sərəncamda qeyd olunur ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Könüllülük könüllü ruhu ilə yaşayan, daim cəmiyyət, onun ayrı-ayrı fərdləri üçün faydalı və zəruri işləri görməyi özünə mənəvi borc bilən insanların daxili hisslərinin məcmusudur. Bu elə bir hissdir ki, təşəbbüskarlıq hər zaman insanın daxilindən qaynaqlanır və onun icrası bütün fərdi maraqları geridə qoyur. Ona görə də könüllülüyü həm də xeyirxahlığın sinonimi kimi qəbul etmək mümkündür. Əgər nəzər salsaq, xalqımızın tarixində bunun saysız-hesabsız nümunələrini görə bilərik. Məsələn, ölkəmizdə cümhuriyyət dövründən əvvəl xeyli azərbaycanlı tələbəni xaricdə oxudan, paytaxt Bakıda xeyli sayda binalar tikdirən mesenatlarımız olub. II Dünya müharibəsində könüllü olaraq dəyərli ləl-cəvahiratını satan, yüz minlərlə Azərbaycan əsgərini soyuqdan qorumaq üçün əlcək, corab toxuyaraq cəbhəyə göndərən qəhrəman qadınlarımızın əməyi indi də unudulmayıb. Elə ötən əsrin sonlarında muxtar respublikamıza erməni daşnaklarının hücumu zamanı minlərlə naxçıvanlının könüllü batalyonların tərkibində sərhəd kəndlərimizi müdafiəyə qalxması, onların müxtəlif zəruri qida və məişət əşyaları ilə təmin edilməsi könüllülüyün ümumxalq səviyyəsində təcəssümü idi.
Qeyd edək ki, könüllülük təkcə müharibə şəraitində deyil, bütün dövrlərdə ictimai-siyasi proseslərin önündə olmaqla, Vətənə, cəmiyyətə, dövlətə, dövlətçiliyə töhfə verməkdir. Ən yeni tarixə nəzər saldıqda görərik ki, ötən əsrin 90-cı illərində bütün naxçıvanlıların könüllü olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin ətrafında sıx birləşməsi könüllülüyün və həmrəyliyin ən böyük nümunəsi idi. Məhz bu nümunə Naxçıvanı erməni işğalından qorudu, Azərbaycanın gələcək müstəqilliyinin qorunmasına öz töhfəsini verdi.
Bu gün isə könüllülük yeni mərhələyə qədəm qoyub. Sevindirici haldır ki, indi ölkəmizdə, eləcə də muxtar respublikamızda könüllülük ənənələrinin yaşadılmasında biz, ilk olaraq gəncləri görürük. Hər il yüzlərlə könüllü gənc tərəfindən ətraf mühitin mühafizəsi, sağlam həyat tərzinin təbliği, milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən müxtəlif layihələr bunu əyani şəkildə özündə əks etdirir. Bütün bunlar isə onu göstərir ki, muxtar respublikamızda böyük bir könüllü ordusu var. Və bu ordunun üzvləri dövlətinə, xalqına, onun xoşbəxt gələcəyinə inanır. Bu gün ictimai həyatın müxtəlif sahələrində həyata keçirilən könüllülük layihələrində muxtar respublikamızda yaşayan və təhsil alan əcnəbi könüllüləri də görmək mümkündür. Bu isə o deməkdir ki, könüllü gənclərin bu və ya digər layihələrdə kütləvi iştirakları, cəmiyyətə faydaları hər kəs tərəfindən razılıqla qarşılanır və əcnəbilər də bu cür tədbirlərdə iştirak etməklə ümumi işə öz töhfələrini verməyə çalışırlar. Bütün bunları ümumiləşdirərək o nəticəyə gəlmək mümkündür ki, könüllülük artıq bizim həyat tərzimizdir. Çünki bu həyat tərzi bizim milli və mənəvi dəyərlərimizə əsaslanır.
Səbuhi HƏSƏNOV