Boz ay dönəmində, yəni Novruz bayramına qədər dörd ilaxır çərşənbədə dörd ünsür oyanır. Bu, qədim türk mifik görüşləri ilə bağlıdır. Hər bir ilaxır çərşənbəni simvollaşdıran, dünyanın yaranmasında aparıcı mövqe daşıyan bu ünsürlər Novruzla bağlı fəlsəfi düşüncənin əsaslarındandır. Su, Torpaq, Yel, Od ünsürlərinin köməyi ilə təbiət canlanır. Artıq onlardan ikisini – Su və Torpaq çərşənbələrini arxada qoymuşuq.
Növbəti – üçüncü ilaxır çərşənbə Yel çərşənbəsidir. Buna bəzən xalq arasında “toz çərşənbə” də deyirlər. Təbiət qüvvələrinə etiqadla yanaşan, ondan kömək uman, aman diləyən xalq əzizləmə xarakterli adlarla da bu məqsədini açıq-aydın büruzə verir. Belə ki, zamanla yelin təsərrüfata gərəkli olduğunu düşünüb və onu “əzizləyərək” “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də adlandırıb. Yel çərşənbəsində yelin ayılması, əsməyə başlaması bəzi təsərrüfat işlərinin də sahmana salınmasına yardım edir. Xalq arasında “Küləkli hava gərəkli olar” atalar sözü də bu məqamı təsdiqləyir.
Dünyanın yaranmasında yel ikinci ünsür sayılır. Yel nəfəsalma mexanizmi kimi təzahür edərək həyat prinsipi ilə birbaşa bağlanır. Azərbaycan xalqının folklor örnəklərinə əsasən söyləmək olar ki, Yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət yaşayıb. Bu baxımdan Azərbaycanın bəzi bölgələrindən toplanmış mərasim örnəkləri haqqında məlumatlar yelin bir zamanlar xalqımızın düşüncəsində kult məqamında olduğunu sübut edir. Naxçıvan ərazisindən toplanmış folklor örnəklərinə əsasən söyləmək mümkündür ki, xalqın folklor yaddaşında Yel kultu – Yel yiyəsi (əyəsi) ilə bağlı maraqlı mifik mətnlər, inancsınama nümunələri mövcuddur. Məsələn, Yel çərşənbəsi zamanı yel yiyəsinin ayıldığına inanc var. “Əyə” kultuna, sözünə Naxçıvan ərazisində daha çox rast gəlirik. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, külək əsir, havanın ağırlığı sınır”. Bu inanclar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir. Yelin “baba” hesab edilməsi xalqımızın şifahi təfəkküründə özünə yer tapıb.
Əvvəldə qeyd etdiyimiz kimi, Yel çərşənbəsində, ümumiyyətlə, Azərbaycanda, o cümlədən muxtar respublikamızın şəhər və kəndlərində bir-birindən maraqlı ayin və mərasimlər icra edilir. Bunların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın açıq havaya çıxarılıb tozunu təmizləmək, xırman mərasiminin aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel Tanrıçılığına inamı təsdiqləyir. Yel çərşənbəsi zamanı qəbirüstü ziyarətlər də təşkil olunur. Dünyadan köçən insanların xatırlanması münasibətilə ehsanlar bişirilib paylanılır, qəbirlər ziyarət edilir. Həmin ildə yas düşən evin sakinləri yasdan çıxarılır. Ordubad rayonunda buna “paxır bayramı” deyilir. Belə ki, bu çərşənbəyədək ölümünün qırx günü tamam olmayan mərhumun evinə yaxınlar, qohumlar toplaşır. Onun ailə üzvləri ilə birgə evdə bayrama hazırlıq görürlər. Şirniyyatlar bişirilir, evin sakinlərinə bayram əhval-ruhiyyəli libaslar geyinmək tövsiyə olunur. Beləliklə, həmin ailə də digər ailələr kimi, sosial birlikdən, el-obanın bayram əhval-ruhiyyəsindən kənarda qalmır.
Uca Tanrı ömrünüzə nur qatsın, diləyiniz gerçək olsun! Yelli-güllü çərşənbənin yeni nəfəsli, yeni ruhlu qədəmləri uğurlu olsun!
Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru