22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən il də qarşıya qoyulmuş vəzifələrin icrasına nail olub.
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 2019-cu il ərzində 9 uşaq qəyyumluq və himayəyə, 6 uşaq övladlığa götürülüb. Həmin qəbildən olan 1006 uşağa hədiyyə və sovqatlar, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 379 uşağa məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 12 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilib. Mərkəzdə audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində elektron kitabxana fonduna 100 yeni elektron kitab, audiokitabxana fonduna 39 əsər və 18 sənədli film əlavə olunub. Görmə məhdudiyyətli uşaqlar üçün “Könül işığı” adlı brayl jurnalının, “Şəfəq” adlı xüsusi nəşrlərin nömrələri də audiokitabxananın kataloquna daxil edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmayıblar. Ümumtəhsil məktəblərini bitirən bu kateqoriyadan olan şəxslərdən 12 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunub.

Onların tibbi reabilitasiyası da diqqətdə saxlanılıb. Belə ki, il ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində bu qəbildən olan 435 uşaq müalicə alıb, 73 uşağa protez-ortopediya xidmətləri göstərilib, 58 uşağa texniki reabilitasiya vasitələri verilib.
Məktəblilər arasında keçirilən fənn olimpiadasında 1 nəfər sağlamlıq imkanları məhdud uşaq III yerə layiq görülüb, həmçinin 250-dən çox uşaq idman oyunlarında iştirak edib. Bundan əlavə, Xırdalan və Naxçıvan şəhərlərində keçirilən idman yarışlarında isə 2 nəfər I yerin, 2 nəfər isə III yerin qalibi olub. Həmçinin Ağbulaq İstirahət Mərkəzində 422 uşağın istirahəti təşkil edilib.
Bu dövrdə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənib, uşaqlar haqqında fərdi məlumatlar daxil olunub, bankdakı uşaqların sayı 24 min 489 nəfərə çatıb.
İl ərzində ixtisaslı həkim briqadaları tərəfindən ucqar dağ kəndlərində 1795 uşaq müayinə edilib, ehtiyacı olanlara tibbi yardım göstərilib.
Son illər uşaqların sayı da artmaqdadır. Belə ki, təkcə ötən il 5415 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 164 min 546-ya çatıb. Bu da əvvəlki illə müqayisədə 1265 uşaq çoxdur. Hesabat ili ərzində doğulan 4918 uşağa peyvəndlər vurulub.
Bəhs olunan dövrdə ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali təhsil müəssisələrinə, 366-sı ümumi, 244-ü tam orta təhsil bazası olmaqla, 580-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Ali məktəblərə qəbul olunan 281 nəfər 500-700 arası bal toplayıb ki, bunlardan da 172-si qızdır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub.
2018-2019-cu tədris ilində məktəbi tam orta təhsil bazası üzrə bitirən məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medala, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldublar. Belə ki, qəbul imtahanlarında onlardan 35-i 500-600, 39-u 600-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.
İstedadlı uşaqlar və gənclərin təhsilinin davam etdirilməsi məqsədilə muxtar respublika məktəblərinin fənn olimpiadaları keçirilib. Həmin olimpiadalarda 2-si “Qızıl”, 6-sı “Gümüş”, 17-si isə “Bürünc” olmaqla, 25 şagird medala layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2019-cu il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1465 saat nümunəvi dərs tədris olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli də diqqətdə saxlanılıb. Belə ki, ümumtəhsil məktəblərində 49 interaktiv dərs keçilib, 670-dən çox elektron lövhə vasitəsilə şagirdlərə müxtəlif fənlər tədris edilib, 90 faizdən yuxarı internetə qoşulmaqla, 9 şagird 1 kompüter dəstindən yararlanıb.
Muxtar respublikada uşaq və gənclərin qabiliyyət və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb.
Uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili üzrə də bir sıra işlər görülüb. 7200-dən artıq uşaq idman oyunlarında, 1042 uşaq isə intellektual olimpiada və oyunlarda iştirak edib. Bu gün muxtar respublikada 26000-dən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8000-ə yaxını qızdır. İdmanla məşğul olan uşaqlar Azərbaycan birinciliyində, Azərbaycan, Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə və beynəlxalq şahmat festivallarında 56-sı I, 52-si II, 83-ü isə III yer olmaqla, ümumilikdə, 191 yer qazanıblar.
Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə 285 “Nağıl günü” keçirilib, bütün kateqoriyadan olan uşaqlara 167 tamaşa, 17 bədii film göstərilib.

Bəhs olunan dövrdə aid dövlət orqanlarına Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində müəyyən edilən yaş həddinə çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr barəsində ərizə və müraciətlər daxil olmayıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR