22 Dekabr 2024, Bazar

Bu zəmanət istəyə görə 30 min manat və daha yuxarı məbləğdə ola bilər 

    İnsan həyatı və sağlamlığı ən dəyərli nemətdir. Müasir cəmiyyətdə insan həyatının qorunması qədər  baş verə bilən bədbəxt hadisələr nəticəsində dəyən maddi zərərlərin əvəzinin ödənilməsi də bu məqsədə xidmət edən mühüm dövlət siyasətidir. Bu baxımdan muxtar respublikamızda digər vacib sığorta növləri kimi, fərdi qəza sığortasının da kütləviləşməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, son nəticədə, insanlara, onların gələcəyinin təminatına yönəlmiş dövlət qayğısıdır. 

Fərdi qəza sığortası müqaviləsinin bağlanılması hər bir şəxsin özünün və ailəsinin qarşısında mənəvi borcudur. Ona görə də bu hüquqdan istifadə olunması hər bir vətəndaş üçün vacibdir. Belə ki, yaşadığımız dövrdə baş verən təbii fəlakətlər, insanların fəal həyat tərzinə uyğun olaraq səyahətlərin və işgüzarlığın artması, müxtəlif texnika və nəqliyyat vasitələrindən daha tez-tez istifadə olunması ilə xarakterizə edilir. Bütün bunlar, eləcə də evdə, işdə, və yaxud yolda rast gəldiyimiz gözlənilməz qəfil qəza hadisələri zamanı insanların həyatına ciddi zərər dəyə bilər ki, bunun da nəticəsində zərərçəkmiş şəxsə həyatı boyu xeyli miqdarda əlavə maddi xərclər tələb olunar. Məhz bu səbəbdən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən təklif olunan fərdi qəza sığortası vətəndaşlara etibarlı sığorta zəmanəti ­verir. 

Təklif olunan fərdi qəza sığortası Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun şəkildə hazırlanmış qaydalara əsasən xeyli sayda gözlənilməz bədbəxt hadisələrə görə sığorta təminatı verir. İlk olaraq nəzərə almaq lazımdır ki, fərdi qəza sığortası günün saatından və yaxud sığortalı vətəndaşın evdə, işdə ya da yolda olmasından asılı olmayaraq, ölkəmizin bütün ərazisində baş verə bilən sığorta hadisələri üçün maddi təminat verir. Belə sığorta hadisələrinə gəldikdə yol-nəqliyyat hadisələri, elektrik vurması nəticəsində insanların xəsarət alması və ya ölümü, sürüşüb yıxılma nəticəsində xəsarətalma və ya ölüm, otağa dolan qazsızma nəticəsində qəflətən baş verən ölüm hadisəsi, müxtəlif hadisələr nəticəsində, habelə iş yerində baş verən hər hansı qəzadan xəsarətalma, ölüm halı və digərlərini qeyd etmək olar.
Göründüyü kimi, fərdi qəza sığortası çox geniş sayda sığorta hadisələrindən vətəndaşlara maddi təminat vəd edir. Ancaq istisna hal kimi sərxoşluq, intihar və intihara təşəbbüs, bilərəkdən narkotik vasitələrin qəbulu, habelə sığortalı şəxsin cinayət törətməsi fərdi qəza sığortası təminatına daxil deyildir.
Təklif olunan fərdi qəza sığortasının şərtləri çox sadə olub, üstünlükləri isə kifayət qədərdir. Belə ki, qaydalara əsasən fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq 0,5 faizdən 2 faizədək məbləğdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində 1000 manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığortahaqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Bununla yanaşı, Dövlət Baş Sığorta Agentliyi fərdi qəza sığortası üzrə daha yüksək məbləğdə zəmanət verərək 100 manat ödəməklə 20 min manat, 150 manat ödəməklə 30 min manat və daha yüksək məbləğdə sığorta zəmanəti təklif edir. Göründüyü kimi, tərəflər arasında razılaşdırılmaqla həyata keçirilən fərdi qəza sığortası müqavilələri insanlara dəymiş maddi zərərlərdən xilas olunmaqda mühüm köməkdir. Digər bir əsas cəhət isə ondan ibarətdir ki, sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaolunan, faydalanan şəxs bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda sığortaçı tərəfindən onun ailəsinə verilməsi nəzərdə tutulur. Bu isə son nəticədə, onun ailə üzvlərinin də gələcək sosial təminatına mühüm maddi dəstək deməkdir.
Fərdi qəza sığortası insan amilinə qayğı ilə yanaşmada əsas vasitədir. Bu qayğıdan hər bir şəxsin faydalanması üçün muxtar respublikamızda geniş imkanlar vardır. Buna görə də Dövlət Baş Sığorta Agentliyi vətəndaşları fərdi qəza sığortası müqavilələri bağlamaqda fəal olmağa, gələcək maddi təminatını zəmanət altına almağa çağırır. Çünki bu sığorta qəza baş verdiyi anda həmin insanlara mühüm bir maddi dayaqdır. Ona görə də gəlin bu gün hər birimiz sığortalanaq ki, sabah gec olmasın!

Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR