22 Dekabr 2024, Bazar

Torpağa könül verən ruzisiz qalmaz

Kiçik Çillə  bitir, öz ömrünü xalq təsəvvüründə yazın müjdəçisi kimi yaşayan Boz aya verir. Boz ay xalq dilində “ağlar-gülər ay” kimi də adlanır. Xalq tərəfindən bu zaman kəsiminə verilən adlar, eləcə də “Boz ay” həmin zamanda havanın tez-tez dəyişməsi ilə əlaqədardır. Adətən, tutqun, dumanlı, küləkli keçən hava qəfildən istiləşir. Və ya əksinə, isti hava tez-tez öz yerini soyuq havaya, yağışlı, bəzi vaxtlarda da artıq təbiətə, təsərrüfata ziyan verə biləcək qarlı havaya verə bilir. Bu zaman kəsiminə verilən adların bəzilərində yüngül əzizləmə məqamlarını da müşahidə etmək mümkündür. Bu da etnosun təbiət və onun şıltaqlıqlarına etiqad və inamla yanaşmasını ifadə edir. 

 Xalq tapındığı, etiqadla yanaşdığı təbiət qüvvələrindən imdad gözləmək məqsədilə onu “əzizləməyi” məqsədəuyğun bilmişdir. Ona görə də “ağlar-gülər ay” və sair kimi adlar bu məqsədi ifadə edir. Bəzənsə əksinə – keçirilən ayin və rituallara, qurbanlara “baxmayan” təbiət bəzi vaxtlarda insanlarla “qəddar” rəftar edir, insanların maddi həyatını təmin edən təsərrüfatlarına böyük ziyan vurur. Və bu ziyanı qəbul etməyən insan baş vermiş hadisəyə kəskin reaksiyasını “boz” sözü ilə ifadə edir. Elə buna görə də fevralın 20-dən Novruzadək olan dəyişkən hava ilə izlənilən zaman kəsimi “Boz ay” adlanır. 

Boz ay bizi Novruza aparan ay olaraq dünyanın yaranmasında iştirak edən dörd ünsürün simvollaşdığı dörd çərşənbəni əhatələyir: Su, Torpaq, Yel, Od.
Dünyanın yaranmasında əsas ünsür kimi ötən həftə qeyd etdiyimiz ilk çərşənbə – Su çərşənbəsi öz ardınca Torpaq çərşənbəsini “səsləyir”. İkinci ilaxır çərşənbə torpağın oyanması, torpaqla bağlı təsərrüfat işlərinin başlanması ilə bağlı olaraq xalq təfəkküründə “Torpaq çərşənbəsi” adlanmaqdadır.
Bu çərşənbədə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızda müxtəlif ayin və mərasimlərin icrası torpaq kultuna inamı əks etdirən mərasimlər kimi diqqət çəkir. Bu çərşənbəni el arasında “çillə beçə çərşənbəsi” də adlandırırlar. Torpağı əkib-becərmək, ona qulluq etmək üçün çərşənbədə fəallıq daha da artır, əkin işləri sürətləndirilir. Naxçıvanda bununla bağlı xalq arasında belə bir deyim formalaşmışdır ki, torpaq, ona olan qulluğun qarşılığını insana mütləq verəcəkdir. Bu deyim elə qədim türk mifizminin daşıyıcısı olan Naxçıvan mühitinin mifoloji dünyasında Torpaq yiyəsinin varlığını, onun bir zamanlar kult səviyyəsində olmasını təsdiqləyir. İnsanlar torpağa qulluq etməklə özlərinin maddi təminatını da müəyyən qədər ödəmiş olduqlarını düşünürlər. Həm də torpaqla bağlılıqlarını, əməyə, zəhmətə olan sevgilərini folklor nümunələri şəklində yaradıb gələcək nəsillərə ötürürlər:

Qarışqadan ibrət al,
Qış ikən yazı düşün.

Torpaq çərşənbəsinin xarakterik ayinlərindən biri də evlərin həyətlərində tonqal qalanmasıdır. İnsanlar od üstündən tullanaraq ağırlığın, dərd-sərin köhnə ildə qalmasını arzulayarlar.
Naxçıvanda həmin çərşənbədə icra olunan ayinlərdən biri də ağacqorxutma adətidir. Ev əhlinin ən yaşlı nümayəndəsi əlində balta bağa gələr, hər ağacın dibinə üç dəfə balta ilə vurar. Bu ayin vasitəsilə inanılar ki, ağaclar “qorxaraq” yaxşı bar verəcəklər. Muxtar respublikanın bəzi bölgələrində bu ayini, əsasən, bar verməyən ağac üçün tətbiq edirlər. Əlində balta barsız ağaca yaxınlaşan insan deyir ki, əgər bar verməsən, səni kəsəcəyəm. Başqa biri isə baltanı onun əlindən alaraq deyir ki, dəymə, kəsmə, mən zamin, bar verəcək. Bu ayinin kökündə yenilənmə dayanır. Digər ağaclar da “qorxudulur”. Burada məqsəd təkcə ağacdan bar almaq deyil. Haqqında söhbət açdığımız ayin qədim türkün qədim adət-ənənələri ilə bağlı olub, kökündə etnosun təbiəti yeni ruhda qarşılamaq düşüncəsi dayanır.
Naxçıvanda xalq yaddaşında belə bir inam dolaşmaqdadır ki, bir qarış yer var, onun da yiyəsi (əyəsi)var. Hər nəsnənin yiyəsi olduğu kimi, torpağın da yiyəsi var. Torpağa qulluqdan öncə gərək onun yiyəsinə salam verəsən. Əgər salam verməsən, torpaq yiyəsi səni cavabsız qoyar, yaxşı məhsul verməz. Bu inanclar torpağa tapınmanın izlərini özündə qoruyub saxlamaqla kosmoqonik görüşləri ifadə edir. Bu baxımdan xalq arasında torpaqla, yerlə bağlı olan “Yerin yeddi qatından keçmək” ifadəsi də dolaşmaqdadır.
İnanclar sırasında diqqət cəlb edən nümunələrdən biri də budur ki, elə ilk çərşənbədən başlayaraq bütün ilaxır çərşənbələrdə evə diləyə gələn qonşuya evdən ələk, maya, şam, kibrit verilməz.
Naxçıvanda torpaqla bağlı müxtəlif xalq yaradıcılığı nümunələri yaddaşlarda yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqışlar olduqca fəaldır:

Torpağın bərəkətli olsun!
Torpağı sanı yaşıyasan!
Torpaq kimi bar-bəhrəli olasan!
Torpağından təzə-təzə nübarlar dadasan!
Torpağın rahat olsun!

Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, onun xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.
Naxçıvan Muxtar Respublikasının bəzi bölgələrində xalq arasında torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir:


Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
Torpağa var versən, o da sənə bar verər.
Sular hərəkətlidir, torpaq bərəkətli.
Torpağı ovuclayan qızıl ovuclar.
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
Torpaqla oynayan ac qalmaz.
Torpaqdan pay olmaz.


İcra olunan ayin və mərasimlər, eləcə də Torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadların erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir.
Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağınız barı-bəhrəsi ilə hər zaman sizi sevindirsin! Torpaq çərşənbəniz mübarək olsun!

Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR