Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Fövqəladə Hallar Nazirliyi ilə birgə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd iştirakçılara mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və həyata keçirilməsinin əhəmiyyətini bir daha xatırlatmaq olub.
Tədbiri giriş sözü ilə açan fondun aparat rəhbəri Rafiq Novruzov belə tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin vətəndaşların təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov çıxış edərək muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınması barədə ətraflı məlumat verib. Çıxışda fövqəladə hadisələr zamanı xəsarət alanlara yerində ilk tibbi yardımın göstərilməsi, yanğınların qarşısının alınması, yanğına səbəb olan amillərin aradan qaldırılması və digər məsələlərdən bəhs olunub. Həmçinin nəzəri biliklərin və praktik vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyə edilib.
Bildirilib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazır olmalı və davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq mümkündür. Bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidməti