22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaratmışdır.

Sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası məqsədilə ötən il Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşağın müalicəsi təşkil edilmiş, 73 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 58 uşağa texniki reabilitasiya vasitələri təqdim edilmiş, 5 uşağa Respublika Uşaq Bərpa Mərkəzinə, 4 uşağa isə sanatoriya və müalicə pansionatlarına göndərişlər verilmişdir. Cari tədris ilində müvafiq kateqoriyadan olan 34 uşaq məktəbəqədər təhsil müəssisələrində, 9 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 42 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 117 uşaq isə il ərzində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilib.
2019-2020-ci tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 100 nəfər təşkil etmişdir ki, onlardan 83-ü mövcud potensialları nəzərə alınaraq ümumtəhsil məktəblərinin birinci siniflərinə, 6 uşaq distant tədrisin 1-ci sinfinə, 2 uşaq isə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilmişdir. Hazırda ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 1048, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10, Distant Tədris Mərkəzində təhsil alanların sayı isə 11 nəfər təşkil edir. Bununla yanaşı, 2019-2020-ci tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 4, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə 4 sağlamlıq imkanları məhdud uşaq qəbul olunmuş, həmçinin il ərzində 59 uşaq şahmat məktəblərində, 126 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərində, 109 uşaq idman məktəblərində məşğələlərə cəlb edilmişdir. Muxtar respublikanın uşaq musiqi məktəblərində təhsil alan müvafiq kateqoriyalı uşaqların sayı isə 111-ə çatıb. Eyni zamanda cari tədris ilində sağlamlıq imkanları məhdud aztəminatlı 292 uşaq məktəbli geyimi, məktəbli ləvazimatı və qış geyimi ilə təmin olunmuşdur.
Dövlət proqramının icrası çərçivəsində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə ötən il də Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud uşaqların cəlbi davam etdirilmiş, mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 203, o cümlədən defektoloji bölmənin Şərur rayon filialına 43, Ordubad rayon filialına isə 39 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir.
İl ərzində mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” adlı aylıq, həmçinin uşaqlar üçün “Şəfəq” adlı rüblük brayl jurnalların nəşri davam etdirilmişdir. Audio­kitabxana fondundakı kitabların sayı 1455-ə, elektron kitabxana fondunun sayı 873-ə, brayl kitabxana fondu isə 1228-ə çatdırılıb.
Ötən il sağlamlıq imkanları məhdud uşaqlar arasında əyləncəli idman oyunları keçirilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur. Onların reabilitasiyası məqsədilə Uşaq Bərpa Mərkəzində üzgüçülük idman növü üzrə məşğələlər fəaliyyətə başlamışdır. Eyni zamanda əlamətdar və bayram günlərində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə tədbirlər təşkil olunmuşdur. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası 2020-ci ildə də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR