Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə nazir Nicat Babayev çıxış edərək bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ötən il nazirliyin müxtəlif sosial şəbəkələrdə rəsmi hesabları istifadəyə verilib və bu sahədə operativ fəaliyyət təmin olunub.
Qeyd edilib ki, müasir dövrdə informasiya mübadiləsi baxımından sosial şəbəkələrlə yanaşı, internet saytları da geniş imkanlara malikdir. Bu gün nazirliyin təqdimatı keçirilən rəsmi saytı da müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin sosial sahədə ictimai fəaliyyəti gücləndirmək və kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etmək məqsədilə yenilənib. Artıq saytda struktur bölmələri haqqında yenilənmiş məlumat bazası ilə yanaşı, peşə kurslarına qoşulmaq üçün onlayn müraciət forması və elanlar, sosial fəaliyyət istiqamətləri haqqında yeni informasiyalar yer alıb. Bu məqsədlə saytda ən çox müraciət olunan sahələr və istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılıb, yeni bölmələr yaradılıb.
Nazirliyin əməkdaşı Naib Əlizadə yenilənmiş sosial.nmr.az internet saytını təqdim edib. Məlumat verilib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib. Müxtəlif proqramlarla təkmilləşdirilən saytın yeni versiyasında “Əsas səhifə”, “Nazirlik”, “Elektron xidmətlər”, “Qanunvericilik”, “Göstərilən xidmətlər”, “Sosial könüllülük”, “Mətbuat xidməti”, “Əlaqə” bölmələri yaradılıb. Yeni yaradılan “Göstərilən xidmətlər” bölməsində Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzində hazırlanan məmulatlar haqqında zəruri məlumatlar yerləşdirilib. Məlumatlar müvafiq fotoşəkillərin fonunda iki dildə – Azərbaycan və fars dillərində verilib ki, bu da mərkəzin fəaliyyətindən xarici vətəndaşların da istifadə imkanlarını asanlaşdırır. Qeyd olunub ki, yaradılan daha bir yeni bölmə “Sosial könüllülük” bölməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə ötən il yaradılan və cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan sosial könüllülük layihəsi üçün xüsusi hazırlanmış bölmədə layihə haqqında məlumat, videoçarx, sosial könüllü gənclərin fərdi qaydada hazırlanmış foto və məlumatları, həmçinin akademiyaya elektron qeydiyyat imkanları mövcuddur. Eyni zamanda internet istifadəçiləri arasında üstünlük təşkil edən gənclər buradan sosial könüllülük fəaliyyətini yaxından izləyə və yeni könüllü kimi qeydiyyatdan keçə bilərlər. “Fotoqalereya” və “Videoqalereya” bölmələrinin də yaradıldığı saytın “Əsas səhifə”sinin sol və sağ hissələrində faydalı keçidlər də yerləşdirilib. Saytda yeniliklərin tətbiqi zamanı muxtar respublikamızın turizm potensialının təbliği də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Əsas səhifə”də diyarımızın tarixi və görməli məkanlarından görüntülərə yer verilib, Naxçıvanın turizm imkanlarını özündə əks etdirən saytlara birbaşa keçid qurulub.
Qeyd edək ki, sosial.nmr.az saytının serveri Rabitə və Yeni Texnologiyalar Nazirliyində yerləşir və təhlükəsizliyinə zəmanət verilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti