2019-cu il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı keçirilən tədbiri giriş sözü ilə Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açıb.
Bildirib ki, muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğı daimi xarakter alıb. Bunun ifadəsidir ki, ötən müddət ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.
Beynəlxalq sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən də danışan Əli Hüseynəliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanına əsasən ötən il ərzində 800-dən artıq sahibkara lisenziya verilib.
Diqqətə çatdırılıb ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir.
Sonra 2019-cu il ərzində nümunəvi sərnişindaşıma xidməti göstərən 60 sürücüyə müxtəlif nominasiyalar üzrə diplom, fəxri fərman və qiymətli hədiyyələr verilib. “İlin ən yaxşı sürücüsü” nominasiyası üzrə Naxçıvan şəhərdaxili 5 nömrəli marşrutun sürücüsü Duman Nəcəfov, “İlin ən yaxşı avtobus sürücüsü” nominasiyası üzrə Culfa-Naxçıvan marşrutunun sürücüsü Vaqif Quliyev və “İlin ən yaxşı taksi sürücüsü” nominasiyası üzrə isə Şərur rayonundan İlqar Mustafayev təltif olunublar.
Sonra tədbir iştirakçıları Xatirə Muzeyini ziyarət ediblər.
Nail ƏSGƏROV