22 Dekabr 2024, Bazar

Qədim Oğuz yurdu Naxçıvanda  qış xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də “Xıdır” və yaxud “Xıdır Nəbi” bayramıdır. Tədqiqatlardan məlum olur ki, Şərur rayonunun Aşağı Yaycı kəndində “Xıdır” bayramını fevralın 5-i, qışın yarı olduğu gün keçirirlər. Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Təzəkənd, Çalxanqala kəndlərində isə “Xıdır Nəbi” bayramı fevralın 14-ü (15-i) Xızır (ə.s.) anadan olduğu gün kimi qeyd edilir. Fəzail Vəliyev qeyd edir ki, Naxçıvan bölgəsində “Xıdır Nəbi” bayramı Kiçik çillənin ardıcıl olaraq üç cümə axşamında keçirilirdi. Bu bayramların birincisi “Şahlıq Xıdır Nəbisi”, ikincisi “Xanlıq Xıdır Nəbisi”, üçüncüsü isə “Rəiyyət Xıdır Nəbisi” adlanırdı. Xalqın inamına görə, “Xıdır Nəbi” bayramı Xızırın (ə.s.) və İlyasın (ə.s.) şərəfinə keçirilir. 

 “Xıdır” süfrəsinin “şahı” qovurğa və qovutun hazırlanma qaydasını öyrənmək üçün Şərur rayonunun Aşağı Yaycı kənd sakini Fatma Əliyevanın qonağı olduq. Gəlişimiz bayram hazırlığına təsadüf edirdi. Ev sahibi buğda və çərəzləri qovurmaq üçün hazırlıq görürdü. Həyətdə ocağın üstünə qoyulmuş sacı yağlayan nənə ilə hal-əhval tutaraq elə ocaq başında söhbətə başladıq. O, əvvəlcədən təmizlənmiş buğdanı sacın içərisinə tökür və deyir ki, bərk bir parça və ya bez ilə buğdanı ara vermədən gah sacın ortasına, gah da kənarlarına yayırıq. Təxminən, 8-10 dəqiqə bunu davam etdiririk. Buğda rəngini dəyişib ağarmağa başlayır. Sonda qovrulmuş buğdanı ortaya toplayıb sacdan götürürük. Eyni qayda ilə küncüd və çətənəni də qovururuq, lakin onlara ayrılan vaxt buğdaya ayırdığımız vaxtdan az olur. Qovrulmuş buğda, küncüd, çətənə, fındıq, cəviz və badamı bir süfrənin üzərinə yayırıq ki, soyusun. Nənə onu da bildirir ki, qovurğanı soyuduqdan sonra şüşə qabda, ya da pambıq parçadan tikilmiş torbada saxlamaq lazımdır.

Qovurğa hazırlayan zaman diqqət etməli olduğumuz bəzi məqamlar haqqında söhbət açan nənə deyir:
– Ərzaqlar ayrı-ayrılıqda arıtlanıb təmizlənir. Sac əvvəlcədən qızdırılır, nə çox, nə də zəif isti olmamalıdır. Çox isti olanda buğdanın üzü yanacaq, özü isə çiy qalacaq, zəif isti olduqda isə bərk olacaq, keyfiyyətli çıxmayacaq.

Sonra qovutun hazırlanması qaydasından da danışan və onun üçün buğda qovurmağa başlayan Fatma nənə keçmiş günləri də yada salaraq deyir ki, o vaxtlar rəhmətlik nənəm bizə tez-tez qovut hazırlayardı. Müharibə vaxtları idi. Taxıl tapmaq çətin olduğu üçün məkə dənələrini qovurar, içinə azca buğda qatar, onu dəstərdə çəkər, bu unu doşab, su ilə qarışdırıb balaca yumurta şəklinə salardı. Biz də süfrə başına toplaşaraq bu dadlı təamı yeyərdik. Elə 90-cı illərin qanlı-qadalı günlərində də nənəmdən qalma bu dəstər imdadıma yetişdi, – deyib eyvandakı xalının üstündəki dəstəri göstərir. Həmin günlərdə də həyətdəki tutun meyvələrindən doşab bişirər, yayda tədarük etdiyim məkəni qovurar, o vaxt nənəmin öyrətdiyi kimi, mən də öz nəvələrimə qovut hazırlayardım. O çətin günlərdə də bayramlarımızı yaddan çıxarmır, qeyd edirdik. Şükür Allaha, çətinliklərimiz artıq geridə qalıb. Neçə illərdir ki, bu sac bayram qovurğası üçün ocağa asılır, o dəstər isə bayram qovutu hazırlamaqdan ötrü istifadə olunur. Bu gün mənim hazırladığım qovurğadan nəvəmin nişanlısına da pay gedəcək, axşam papaq atmağa gələn uşaqlara da veriləcək. Bax, o dağlarda keşiyimizi çəkən əsgər balalarımıza da göndərəcəm. Hamımızın arzusu budur ki, el-obamızda daim əmin-amanlıq olsun. Həmişə olduğu kimi, yenə də ulularımızdan yadigar qalan adət-ənənələrimizi beləcə, deyə-gülə, xoşhallıqla qarşılayıb yola salaq.
Nənənin şirin söhbətinə qonşu Xalidə xala qoşularaq deyir ki, sac artıq hazırdır, qovut üçün buğda qovuraq, gözünə bir az da məkə qataq. O da nənəyə kömək edir. Əvvəlcə buğdanı sacda qovurur, qovurğa hazırlayır. Sonra məkəni də qovurur, aşsüzənə töküb əvsəyir. Qovurğanı isti-isti kirkirədə (əl dəyirmanı) üyüdən nənə deyir ki, bu, un kimi çox narın olmamalıdır. Qovrulmuş buğda üyüdüldükdən sonra bir xəlbirə tökülür və ələnir. Qovut unu bez torbada və yaxud da ağzı möhkəm bağlanan bir qabda quru şəraitdə uzun müddət saxlanıla, istifadə oluna bilər. Bu təam həm doyurucu, həm də çox faydalıdır. Onu hazırlamaq üçün bir qaba qovutu tökür, istəyə uyğun olaraq mürəbbə şirəsi, doşab, bal, şəkər və isti su əlavə edirik. Suyu və şəkəri bu una qatanda xüsusi bir ətir yaranır. Hazır məhsulu bir az saxlayır, sonra istədiyimiz formaya salıb qablara yığırıq.
Qovurğa və qovutu hazırladıqdan sonra sacı və dəstəri gələn bayrama kimi əl damına yerləşdirən nənə Novruzun gəlişinə səməni üçün də buğda seçib bir kənara qoyur. Biz də sağollaşıb yola çıxırıq. Yolboyu yadıma AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elxan Yurdoğlunun birgə hazırladıqları “Naxçıvanda bayram və mərasimlər” monoqrafiyasından “Xıdır” bayramı haqqında yazıları düşür: Toplanmış materiallardan məlum olur ki, bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) “Xıdır Nəbi” bayramı günü xına yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər əl barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın.
Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Xalq arasında olan digər inama görə, “Xıdır Nəbi” günü havaların xoş keçməsi, ilin bol-bərəkətli olmasına işarədir. Yuxarıda sadaladığımız toplama materiallarından aydın olur ki, “Xıdır Nəbi” bayramı məhsuldarlıq, bolluq-bərəkət rəmzidir, mövsümlə əlaqədar olub, türklərin yazı çağırma diləklərinin ifadəsidir. Bir sıra xalqlarda, xüsusən türk xalqlarının yayıldıqları ərazilərdə bu mərasim qışın yola salınması və yazın çağırılması ilə bağlıdır. Bununla əlaqədar folklor nümunəsinə də rast gəlinir:

Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.

Naxçıvanda bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə­-sahmana salınır. İnama görə, səliqəsiz evə Xızır (ə.s.) gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar əlvan rəngə boyanılır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə, əsasən, Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdik ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında “Qodu” mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir.

Zəngin milli dəyərlərə malik xalqımıza məxsus hər bir bayram öz gəlişi ilə əlamətdardır. Xalq təqvimində xüsusi yeri olan “Xıdır Nəbi” bayramı da baharın müjdəçisidir. Yüz illərdir, bu el mərasimini qeyd etməyi yaddan çıxarmayan xalqımız bu gün də xoş əhval-ruhiyyə ilə yenə də “Xıdır”ı qarşılayır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR