Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.
Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilk gün istirahət mərkəzi ilə yaxından tanış olub, stolüstü idman oyunlarında iştirak ediblər. Günün ikinci yarısında “Vətəni tanı” intellektual oyununun ilk mərhələsi keçirilib. Günün sonunda gənclər üçün film nümayiş etdirilib.
Fevralın 9-da başa çatacaq “Qış məktəbi”ndə gənclər “Axtar tap” və “Xəmsə” intellektual yarışlarında, eləcə də stolüstü oyunlarda qüvvələrini sınayacaqlar. Həmçinin “Gənclərdə büdcə savadlılığı” mövzusunda seminarda və “Özgüvənin həyatımızda rolu” mövzusunda fərdi inkişaf təlimində də iştirak edəcəklər. Eyni zamanda məktəb iştirakçıları arasında fotomüsabiqənin də keçirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti