22 Dekabr 2024, Bazar

Yetər ki, istək olsun...

Könüllülük müəyyən səbəbdən başqalarının xeyri üçün ödəniş, təmənna ummadan öz köməyini göstərməkdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən mənəvi fəaliyyət növüdür. Əsasən, cəmiyyətin maraqlarına xidmət edən bu fəaliyyət insani keyfiyyətlərin önə çıxmasına, vətənpərvər, vicdanlı bir gəncin maddiyyat düşünmədən mənəvi sevgi qazanmasına şərait yaradır.

 İnsan yaranandan könüllü əməyə ehtiyac olubdur. Qədim köklərə dayanan bu günün tarixinə nəzər salaq. Beynəlxalq Könüllülər Günü iqtisadi və sosial inkişafın istiqaməti kimi meydana gəlib. İlk dəfə 1985-ci ildə BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Gününün qeyd edilməsi müzakirə olunub, bu günün 5 dekabr tarixdə keçirilməsi qərara alınıb. 

Ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi muxtar respublikamızda da bu sahədə müxtəlif fəaliyyət istiqamətlərinə və inkişafa marağı artırıb.
Tarixən hər bir ölkə xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənclərə bağlayır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənc­lərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bir ölkənin gənc təbəqəsinin dünyagörüşlü, intellektual formalaşmasında onun asudə vaxtını necə keçirməsi də böyük əhəmiyyət daşıyır. Lakin, təəssüf ki, gəncliyin böyük əksəriyyəti asudə vaxtlarını səmərəli keçirmir. Bu isə onu təsdiq edir ki, gənc­lərimizin bəzilərinin bu mövzuda anlayışı olduqca zəifdir və yaxud da yoxdur. Elə buna görə də onlar zamanlarını düzgün dəyərləndirə bilmir, dəyərli vaxtlarını oyun zallarında, internet klublarda keçirirlər. Qlobal problemə çevrilmiş bu hallar gələcəkdə də həmin gənclər üçün faciəyə səbəb ola bilər. Eyni zamanda bəzi gənc­lər şöhrətə meyilli, maddiyyat düşkünü formasında yetişməkdədir. Çox az təsadüf olunsa da, belə acınacaqlı hallar cəmiyyətdən gizlədilə bilməz. Məhz, bu mənada, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə bağlı imzalanan Sərəncam gənc­lərimizi düzgün istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Konüllülüyü bir deyil, istənilən sahədə görmək olar. Yetər ki, istək olsun. Könüllülük fəaliyyəti altrusitik fəaliyyət sayılır və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların zəngin mənəvi həyat tərzi sürməsinə yönəldilib. Könüllülük dedikdə ilk ağıla gələn ehtiyacı olanlara kömək etməkdir. Bu köməyin əsas predmetləri sağlamlıq imkanları məhdudlara, əhalinin aztəminatlı təbəqələrinə, qocalara, qaçqın və məcburi köçkünlərə göstərilən maddi və mənəvi dəstək ola bilər.
Təkcə bu sahələr deyil, mədəni tarixi sərvətlərin qorunmasında, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanmasında da bir çox könüllü əməyindən istifadə oluna bilər. Hələ ötən il könüllü gənclərdən təşkil olunan bir qrup muxtar respublikada fəaliyyət göstərən ahıllar evində, körpələr evində olub, köməyə ehtiyacı olanlara yardım edib, ağaclarda quşlara yuva düzəldib, ekoloji tarazlığı qorumaq üçün kütləvi şəkildə iməciliklərdə iştirak etməklə yaşıllıq sahələrinin artırılması kimi bir çox tədbirlər həyata keçirib, startap layihələri ilə çıxış edib. İstər mədəni sahədə, istərsə də idman yarışlarında iştirak edən könüllü həmyerlilərimizin qələbələri, zəfərləri bu gün bizi gözəl gələcəyə, daha inamlı sabahlara həvəsləndirir.
Ölkənin inkişaf etmiş gənclərə ehtiyacı var. Çünki hər yeniliyin, hər intibahın arxasında potensiallı gənclər dayanır. Bir ölkənin gələcək uğuru, nailiyyətləri, müvəffəqiyyətləri onu irəli aparan gənc­liyindən asılıdır. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənc­lərin fəaliyyət istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, onların layiqli vətəndaş kimi yetişməsinə öz bəhrəsini verəcək.

Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR