Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis edilmiş şəxslərin də məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.
Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə xidmətin Naxçıvan Şəhər İdarəsində Naxçıvan şəhərindən olan gənclərlə görüş keçirilib. Tədbirdə hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması, sosial rifah halının yaxşılaşdırılması, haqqıödənilən ictimai işlərə cəlb olunmaları və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Həmçinin tədbirdə məlumat guşəsi yaradılıb. Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyat aparılıb. Mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti