Türk xalqlarının, eləcə də Azərbaycan türklərinin mövcudluğunun erkən çağlarının izlərini daşıyaraq etnosun dünyaya baxışını ifadə edən, bəzən də mifik mahiyyət daşıyan ayin və mərasimlər günümüzdə də öz icrası ilə böyük maraq doğurur. Müxtəlif poetik örnəklərin ifası və ritualların icrası ilə müşahidə olunan bu mərasimlərin çoxu mifik mahiyyət kəsb etməsinə baxmayaraq gerçəklik faktlarından da kənarda deyildir. Azərbaycan türklərində mövsüm mərasimləri ilə əlaqəli müxtəlif mərasimlər hazırda da icra olunur və bunlar həm də ümumən türk xalqlarının ortaq mədəniyyətindəki bənzərliklərin daşıyıcısı kimi də əhəmiyyətlidirlər. Mövsüm mərasimləri içərisində icrası müxtəlif ayinlərlə müşahidə edilən çillə mərasimi bu baxımdan xarakterikdir.
Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə - çillələrə bölünür. Azərbaycan ərazisində bəzi təsəvvürlərdə qış qoca qarı şəklində də təqdim olunur. Belə deyərlər ki, qış Böyük Çillə, Kiçik Çillə və Boz ay adında üç oğlu olan qoca qarıdır.
Böyük Çillə qışın başlanğıc zamanıdır. Xalq deyiminə görə, dekabrın 9 günü qışdandır. Dekabrın 20-si gecəsi ilin ən uzun gecəsidir. Dekabrın 21-i isə qışın girdiyi ilk gündür. Bu gündən etibarən Böyük Çillə başlayır və qırx gün çəkir. Böyük Çillə o qədər də sərt olmur. Arabir qar, yağış yağmasına baxmayaraq hava bir o qədər sərt keçmir, şaxtalı olmur. Xalq arasında bu mərasimlə əlaqəli animist düşüncəni özündə ehtiva edən mətnlər də mövcuddur. Naxçıvan ərazilərindən toplanmış bir mifik mətndə də təbiət qüvvələri ilə bağlı düşüncələr əks olunur: “ Böyüh Çilə ilə Kiçik Çilə yolda rastlaşıllar. Kiçik Çilə Böyühdən soruşur:
- Getdin nə qəyirdin?
Böyüh Çilə deyir:
- Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını aşdırdım.
Kiçik Çilə deyir:
- Qoy mən gedim, gör neyniyəcəm?! Qarıları təndirdən basıp küflədən çıxaracam, küpləri, xaralları boşaldacam, üzüqoyulu qoyub gələcəm.
Böyüh Çilə deyir:
-Bacarmazsan...
Qabağın yazdı,
Ömrün azdı”.
Göründüyü kimi, çillələrin bəhsi verilən bu mətndə insaniləşdirilən təbiət qüvvələrinə etnosun münasibəti ifadə edilir. Həm də mətndə qədim Azərbaycan türklərinin təsərrüfat həyatı ilə bağlı etnoqrafik əşyalar haqqında məlumat da öz ifadəsini tapır: təndir, kürsü, küp, xaral, küflə kimi mətndə əksini tapan sözlər etnoqrafik mahiyyət daşıyır. Növbəti mətndə də Naxçıvan ərazilərinə məxsus köklü təsərrüfat həyatının elementləri obrazlaşdırılmış çillələrin dialoqunda təsvir edilir: “Böyüh Çiləynən Kiçik Çilə bacıdırlar. Kiçik Çilə Böyük Çilədən soruşur ki, getdin neynədin? Böyüh Çilə deyir ki, getdim camahatın dənnərini üyütdüm, qavurmalarını elədim, qalaxlarını vırdım, əppəklərini yapdım gəldim. Kiçik Çillə deyir ki, kül başıva. Mən gedəcəm qocaları təndirdən basıp küflədən çıxaracam, uşaxların da əllərini çiləliyəcəm. Əmə həvih ki, ömrüm azdı. Kaş sənin ömrün məndə olaydı”. Göründüyü kimi, təndirə çörək yapmaq, qışa hazırlıq məqsədilə bişirilən qovurma yeməyi, dən üyütmək, qalaq yığmaq el həyatının təsərrüfat elementləridir ki, bunların bəziləri, məsələn, qovurma bişirmək, təndirdə lavaş bişirmək hazırda da icra olunaraq “Naxçıvan möhürünü” almışdır.
Qədim türk dünya anlamında təbiət qışda sükunət funksiyasını daşıyır, bəlkə də “ölür”. Lakin bunun əksinə olaraq yazda özünün ən fəal dövrünü yaşayır. Yazdan etibarən təbiət canlanır, qışın “zərbəsindən”- şaxtasından sanki ölü vəziyyət almış təbiət dirilir, cana gəlir. Qış fəsli insanların düşüncəsində həyati funksiyanın minimuma endiyi bir dönəmdir. Ona görə də bu dönəmi insanlar “zamansızlıq” kimi qəbul etmişlər. Hər fəsil və onlara xarakterik olan təbii hadisələrə aid əcdad düşüncəsində müxtəlif inanclar yaranmışdır. Təbiət hadisələrini qədim insanın özünə ram etmək istəyini əks etdirən bu inanclar həm də onun təbiətə ibtidai baxışının formuludur. Məsələn, yağış yağdırmaq və yağış kəsmək, küləyi çağırmaq, günəşin çıxmasını tezləşdirmək məqsədilə keçirilən ayinlər, bu ayinlərdən doğan inanc və sınamalar fikrimizə misaldır. Qışın da insana ziyanını, zərərini azaltmaq üçün xalq ayin və mərasimlərin icrasını mütləq sayırdı. Qış xalq təfəkküründə “qara qış” da adlanır. Bir çox türk xalqlarının mifik dünyagörüşündə də belə düşüncələr yaşayır ki, qışa aid olan üç aylıq zaman kəsimində təbiət qış ruhu tərəfindən öldürülür, yaz ruhu isə onu yenidən dirildir. Animist təfəkkürün qalıqlarını daşıyan bu düşüncələr fəsillərlə bağlı müxtəlif mərasimlərin icra tərzində indi də yaşamaqdadır.
Çillə mərasimi haqqında Azərbaycan türklərində və digər türklərdə həm xalq təfəkküründə, həm də elmi araşdırmalarda mövcud olan müxtəlif fikirlər vardır. Bəzi mənbələrdə də qeyd edilir ki, “....bu zaman kəsiminə Anadolu türklərində “çilə/çılə” ayı deyilir, Azərbaycan türkləri isə ona “çilləçilə” dövrü adını vermişlər. İlin ən uzun gecəsi olaraq bilinən və “çillə gecəsi” deyilən gecəni Azərbaycanda xüsusi mərasim – kütləvi şənliklərlə xalq bayramı keçirərdilər. Çünki bu çəkilən məhrumiyyətin – çilənin sona yetməsi ilə təbiət, inanca görə, yenidən cana gəlir və bərəkətini qışdan alan baharın gəlişi ilə yeni ilə qədəm qoyurdu”.
Ümumiyyətlə, xalq təfəkküründə qışın erkən düşüncədən qaynaqlanan dağıdıcı, məhv edən, ziyan verən fəsil olduğu, bu dövrdə təbiətdə olan nə varsa artıq məhvə doğru getdiyi haqqında fikirlər də vardır. Qışda insan təbiətdən öz təminatı üçün heç bir şey ala bilmədiyi üçün onu özünə düşmən hesab edir. Bu fikirlər daha sonra istər kiçik janr örnəklərində, istər lirik, istərsə də epik növə məxsus xalq yaradıcılığı örnəklərində poetikləşərək öz ifadəsini tapır. Elə xalq yaddaşında dolaşan bir tapmaca örnəyi də bu məqamı ifadə etmək baxımından maraqlıdır:
Üçü bizə yağıdır,
Üçü Cənnət bağıdır.
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Tapmaca mətnindən göründüyü kimi, yay, özündə var-dövlət qoruyub saxlayan, yığıb-gətirən obraz kimi təsəvvür edilir. “Cənnət bağı” adlandırılan yaz isə əzəldən gözəllik, yenilik obrazı kimi xalq təsəvvüründə yaşayır. Payız yığılan məhsulu dağıdan obraz kimi canlandırılırsa, xalq təfəkküründə “qara qış” “ləqəbi” daşıyan qış fəsli isə “təbiəti öldürməyə çalışan düşmən” kimi qəbul edilir. Bütün bu yanaşma erkən düşüncədə animist baxışları ifadə etmək baxımından böyük maraq kəsb edir.
Çillə gecəsi – 20 dekabrda və çillə günü - 21 dekabrda bəzi adətlər icra olunur. Çillə mərasimləri Azərbaycanın bəzi ərazilərində müxtəlif formada icra olunmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası ərazilərində bu günün icrası regionlara uyğun olaraq bəzən eyni, bəzən də müxtəlif fərqliliklərlə müşahidə edilir. Məsələn, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan toplanmış örnəklərin birində deyilir: “Dekabrın yirmisinnən yirmi birinə keçən gecə çilə qarpızı kəsilir. Gözdüyüllər, saat on iki olsun. O zaman gətirib qarpız kəsillər. Ona da deyillər, çilə qarpızı. Çilə ordan götürülüpdü. Bu günü fəsildən fəsilə keçiddir. Bu, elə bil, fəslin başlanması üçün şadlıxdı. Qahım-əqrabaya pay göndərərih. Nişannı qızdara qarpız gedir. Təzə gəlinnərə anası evindən qarpız gedir. Nişannılar nişannısına qarpız aparır” . Ordubad rayonundan topladığımız örnəklərdə də maraqlı rituallar izlənilməkdədir. Belə ki, xalq yaddaşında qorunan bu mərasim lap qədimlərdən icra edilərək icrası günümüzədək gəlib çatmışdır. Ordubad əhalisinin folklor yaddaşında olan düşüncəyə görə, dekabr ayının 20-si çillə girir. Həmin günü Naxçıvan Muxtar Respublikasının digər ərazilərində olduğu kimi Ordubadda da çillə gecəsi dekabrın 20-də qeyd olunur. Bu gecə süfrədə adı “q” hərfi ilə başlayan nemətlərin olması məqbul sayılır: “qarpız”, “qavırma”, “qorqa”, “qatıx”, “qax”, “qovut” və s. Bundan əlavə həmin gecə ailədə hər kəsin çillə qarpızından yeməyi vacib məqam hesab olunur. Çillə qarpızı əvvəldən alınır. Həmin gün nişanlı qız evinə də xonça aparılır. Xonçalarda şirniyyat daha çox olmalıdır. Xonçanın birini isə çillə qarpızı təşkil edir. Qarpız nişanlı qız evində kəsilir, yarısı yenidən oğlan evinə gətirilir. Xalq yaddaşında çillə qarpızının “xonça bəzəyi” olması haqqında da maraqlı lirik örnəklər yaşayır. Bu münasibətlə bir bayatı örnəyində deyilir ki:
Bu qarpız çillə qarpız,
Düşübdü dilə qarpız.
Düzülüb xonçalara,
Gedir yar gilə qarpız.
Örnəkdən də göründüyü kimi, çillə qarpızının nişanlı qız evinə aparılması həm də sevgi ifadəsi kimi qəbul edilə bilər. İnsanlar həm də düşünürlər ki, qışın gəldiyi ilk gecədə qarpız yeyilsə, xəstəlik olmaz. Bu gün qarpız kəsilməsinin başqa simvolik əlamətləri də vardır. Belə ki, qarpızın içinin qırmızı rəngdə olması günəşi xarakterizə edir. Qırmızı rəng günəşin yerdəki obrazı kimi qəbul edilir. Ona görə qırmızı rəngin mövcud olduğu faktorlardan rituallarda istifadə etmək rəmzi xarakter daşıyır. Qışın günəşli, şaxtasız keçməsi üçün qədim türklər icra etdikləri müxtəlif mərasimlərdə günəşi vəsf etmişlər. Qışdan sonra gələn yazın, eləcə də qışın günəşli olması üçün qırmızı rəngə etiqad etmişlər. Fikrimizcə, bu mistik baxış qarpızın çillə gecəsində yeyilməsini şərtləndirir. Qırmızı rəng həm də kökü qədim düşüncələrə əsaslanan, insanı bəd nəzərdən qoruyan faktordur. Qarpızın üstünün yaşıl rəngi isə bolluğun-bərəkətin nişanəsidir. Yaşıl rəng bolluğun rəmzi olmaqla yanaşı həm də cavanlığın, yeniliyin simvolu kimi də qəbul olunur. Bəzi mənbələrdə yazılır ki: “yaşıl” sözü “yaş” və “ıl” komponentlərindən ibarətdir. ....Burada “yaş” sözü kökdür, nüvədir, əsasdır, “ıl” isə, ehtimal ki, vaxtilə canlı, sonralar ölü sözdüzəldici şəkilçidir və ya sözə birləşmiş naməlum sözün özü və ya qalığıdır”. Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” sözlüyündə də “yaş” sözünün “təzə”, “tər”, “göyərti”, “yaşıllıq”, “bitki”, “göyərmək”, “göyərti” anlamlarını daşıdığı müşahidə olunur. Belə nəticəyə gəlmək olar ki, qarpız kəsilməsi ayininin icrasında etnosun qışın günəşli, qışdan sonrakının – yazın isə həm günəşli, həm də yaşıl, bərəkətli, təravətli olması arzusu öz ifadəsini tapır. Həm bu mərasim qış gəlməsinə rəğmən insanın yaz əhvali-ruhiyyəsinin sanki “əbədiləşdirmək” arzusunu da ifadə edir. Çillə qarpızını evin böyüyünün kəsməyi məqbul hesab olunur. Xalq arasında belə inanc var ki, çillə qarpızının tumları yığılıb gələn ilə saxlanarsa, həmin il bolluq olar. Mərasimin icrasında maraqlı məqamlardan biri də çillə qarpızının qabıqlarının suya atılmasıdır. Elə Novruz bayramı zamanı da buna bənzər ayin icra edilir. Belə ki, Novruz bayramından 13 gün sonra cücərdilmiş və artıq saralmış səmənilərin suya atılması ritualı da məlumdur. Bu da qədim türklərdə su kultu və ona qurban vermə mərasimin qalıqlarını özündə daşıyır.
Bununla da Böyük Çillənin xoşruhlu xoş ruhdan ibarət olmasını qəbul edən etnos çillə nəğmələri oxumaqla, müxtəlif ayin və mərasimlər icra etməklə təbiətin onlara vuracağı ziyanın qarşısının alınacağını düşünmüş, həm də yaxşılıq və pisliklə bağlı düşüncələrini bu nəğmələrdə, ayin və rituallarda ifadə etməyə çalışmışdır.
Aytən Cəfərova
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan bölməsinin əməkdaşı