Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponentlərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə noyabr ayında da tədbirlər davam etdirilmişdir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 1 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür.
Ötən ay Ordubad, Babək, Sədərək və Şərur rayonlarının yaşayış məntəqələri ərazilərində mövcud sututarlarda monitorinqlər, Araz və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan su nümunələri götürülərək analizlər aparılmışdır. Həmçinin 42,5 hektar meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilmişdir.
Yaşıllıqların sahəsinin genişləndirilməsi məqsədilə təpəliklərdə, orta dağlıq və dağlıq ərazilərdə toxumla əkin işləri davam etdirilmiş, 30 hektardan artıq sahədə həmərsin, ardıc, yemişan, badamça toxumları əkilmişdir. 1 hektardan artıq sahədə toxmacarlıq sahələri yaradılmış, 500 kiloqrama yaxın cəviz, badam, alma, ərik, göyrüş toxumlarından istifadə olunaraq əkin işləri aparılmışdır. Toxum tədarükü məqsədilə 3500 kiloqramdan çox ərik, alma, alça, badam, cəviz toxumu yığılaraq anbarlaşdırılmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərindən qoruq, milli park və yasaqlıqlarda mühafizə tədbirlərinə diqqət artırılmış, muzey eksponatları zənginləşdirilmişdir.
Bitki və heyvanat aləminin qış aylarında qorunması, onların qaba yemə olan tələbatının qismən ödənilməsi üçün 1200 kipdən artıq qaba yem, 2000 kiloqram daşduz tədarük edilmişdir.
Bu ilin noyabr ayında Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Yubiley sərgisində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti