Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir Şərur rayonunda keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes-planı ilə fərqlənən Şərur, Kəngərli, Sədərək rayonlarının qadınlarına sərmayə kapitalı verilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva çıxış edərək tədbirin mahiyyəti barədə geniş məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada dövlət qadın siyasətinin əsas prioritet istiqaməti olan qadınların məşğulluğu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, qadınlara müvafiq sahibkarlıq fəaliyyətləri üçün güzəştli şərtlərlə kreditlər verilir, dövlət tərəfindən müvafiq dəstək göstərilir. Bu, aztəminatlı ailələrdən olan qadınların özünüməşğulluqlarının təmin olunmasına da xidmət edir. Nəticədə, sahibkar və ailə təsərrüfatçısı olan qadınların sayı ildən-ilə artır. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etmələrinə öz təsirini göstərir.
Ramilə Seyidova bildirib ki, cari ildə icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi də muxtar respublikada qadınlara göstərilən qayğının bariz nümunəsidir. Layihədə 34-ü sağlamlıq imkanları məhdud olmaqla, 319 qadın iştirak edib. Layihənin keçirilməsində əsas məqsəd qadınların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir.
Layihə çərçivəsində Şərur rayonundan olan sağlamlıq imkanları məhdud 30 qadının iştirakı ilə 12 təlim keçirilib. Ümumilikdə, 63 qadına sərmayə kapitalı verilib. Şərur, Kəngərli və Sədərək rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 20 qadına da müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib.
Tədbirdə qadınlara, ümumilikdə, 10 baş xırdabuynuzlu, 8 baş iribuynuzlu (1 baş yanı balalı heyvan), 1 soyuducu, 1 meyvəquruducu soba, 1 meyvədoğrayan, şirəçəkən kombayn, 1 tikiş maşını və digər avadanlıqlar təqdim olunub.
Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək qadınlarla imzalanan müqavilələr haqqında ətraflı məlumat verib.
Layihə iştirakçısı Aygün Bayramova onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim olunub.
Sonra sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti