Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil və məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bu məqsədlə Naxçıvan Uşaq Bərpa və Əlillərin Bərpa mərkəzlərində göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərin göstərilməsi də daim diqqət mərkəzində saxlanılır. Həmin tədbirlərin davamı olaraq Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki və müvafiq həkim heyətinin iştirakı ilə keçirilən səyyar xidmət zamanı məhdud fiziki imkanlı şəxslərə protez və ortez xidmətləri göstərilib, yeni sifarişlər qəbul edilib. Həmçinin sözügedən şəxslər tibbi müayinədən keçirilib, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, il ərzində muxtar respublikada 200 nəfərə protez-ortopedik xidmətləri göstərilib, onların da 71 nəfərini 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslər təşkil edir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti