Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlətin iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyduğu hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır.
Bu proseslərdə özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər, qəbul olunmuş dövlət proqramlarının müvəffəqiyyətli icrası iqtisadi və sosial sahədə davamlı inkişafı təmin etmişdir. Əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üçün bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmışdır. Tələb olunan vəsait fondun xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl pensiyaçıların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına köçürülməklə pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılmışdır. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılmış, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilmişdir.
Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılmışdır. Muxtar respublikanın kəndlərindəki əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə etmişlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da əmək pensiyaçılarının sosial rifahının yüksəldilməsi üzrə müəyyən olunmuş işlərin icrası sahəsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq və bunun üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti