Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan genişmiqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən reallaşdırılan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes planı ilə fərqlənən qadınlara sərmayə kapitalının verilməsi ilə bağlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirilib ki, son illər muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları, fəaliyyətlərini genişləndirmək üçün güzəştli şərtlərlə kredit verilib. Bunların məntiqi nəticəsidir ki, hazırda muxtar respublikada 6000-dən artıq qadın sahibkar var. Sahibkar qadınlar ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı məhsullarının və sənaye materiallarının istehsalında, ictimai iaşə sahələrində fəaliyyət göstərirlər.
Vurğulanıb ki, cari il ərzində icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsində, əsasən, 40 yaşınadək aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud qadınlar iştirak edib. Layihənin keçirilməsində əsas məqsəd qadınların ailədə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində “Gələcəyini planlaşdır” adlı 7 və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilib. Həmin təlimlərdə 289 qadın iştirak edib. Ümumilikdə, layihə çərçivəsində 63 qadına sərmayə kapitalı verilib, öz biznes ideyaları ilə seçilən 24 qadına müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə xalçaçılıq, toxuculuq, dərzilik, heykəltəraşlıq və digər sahə ilə məşğul olunması və ya inkişafı üçün verilib. Tədbirdə qadınlara, ümumilikdə, 9 iribuynuzlu, 11 xırdabuynuzlu heyvan, 10 hindtoyuğu, 10 arı ailəsi, 1500 kiloqram buğda toxumu, 8 kiloqram ip, 4 kiloqram əriş, 2 kiloqram arğac, 3 hana, 3 tikiş maşını və digər avadanlıqlar verilib.
Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən imzalanan müqavilələr və görüləcək işlər haqqında ətraflı məlumat verib.
Layihə iştirakçısı Reyhanə Rəhimova göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim edilib. Sonra sərmayə kapitalının dəyərində alınmış aktivlərə baxış olub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti