22 Dekabr 2024, Bazar

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində yerinə yetirilən ardıcıl tədbirlərdən ibarətdir.

Ötən illərdə olduğu kimi, yola salmaqda olduğumuz 2019-cu il də ölkəmiz üçün uğurlu hadisələrlə yadda qalıb. Bu uğurların davamı kimi əməkhaqqı, pensiya və müavinətlərin mövcud istehlak səviyyəsinə görə artırılması, əhalinin real gəlirlərinin bazar qiymətlərinə uyğunlaşdırılması, aztəminatlı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ard-arda qəbul olunan qərarları qeyd etmək olar. Bunlar da, öz növbəsində, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da çox sayda insanın yaşayış səviyyəsinin daha da artırılmasına imkan yaradıb.

Məlum olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə cari ilin mart ayından etibarən ­ölkəmizdə əmək pensiyasının minimum məbləği 40 faizə yaxın artırılaraq 160 manata çatdırılıb. Birbaşa olaraq insanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu qərar muxtar respublikamızda yaşayan əmək pensiyaçılarını da sevindirib. Daha sonra isə cari ilin oktyabr ayından etibarən pensiyaların minimum məbləğinin 200 manata çatdırılması əhalinin sosial müdafiəsi istiqamətində mühüm bir addım olub.
Bəs bu mühüm dövlət qayğısından muxtar respublikada yaşayan pensiyaçılar necə bəhrələnib? Bu sualla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun Aparatının Pensiya şöbəsinin müdiri Hikmət İsmayılov cavab verərək bildirdi ki, pensiya məbləğlərinin builki artımları ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin bütün təbəqələrinin rifahının artımına mühüm dərəcədə təsir edib. Əmək pensiyaçılarının aldığı pensiya məbləğlərinin bazar qiymətlərinə, yüksələn həyat standartlarına uyğun olaraq indeksləşdirilməsi həmişə olduğu kimi, bu dəfə də pensiyaçıların sosial rifah halının yüksəlməsinə, aztəminatlı ailələrin böyük sevincinə səbəb olub. Ölkə başçısının həmişə sadə vətəndaşların yaşayış standartlarının artırılması qayğısına qalması onların daha yaxşı yaşamasına hesablanıb.
Fond əməkdaşının sözlərinə görə, hazırda muxtar respublikamızda yaşa, sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə əmək pensiyası alan sakinlərin sayı 51 min 189 nəfərdir. Hazırda bunlardan haqqında bəhs etdiyimiz artımlardan faydalanan, yəni minimum pensiya məbləği 200 manata çatdırılan pensiyaçıların ümumi sayı isə 26 min 758 nəfər təşkil edir. Onların 10 min 93 nəfəri sağlamlıq imkanı məhdudluğa, 14 min 527 nəfəri yaşa, 2 min 138 nəfəri isə ailə başçısını itirməyə görə dövlətimiz tərəfindən pensiya təminatı alır.
O qeyd etdi ki, bu ilin yanvarından əmək pensiyaçılarının pensiyasının sığorta hissəsi 2018-ci il üçün Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş ortaaylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq digər bir artım da həyata keçirilib. Belə ki, əmək pensiyalarının sığorta hissəsi ortaaylıq nominal əmək­haqqının artım tempinə uyğun olaraq 3 faiz artırılıb. Bu artım Naxçıvan Muxtar Respublikasında yaşayan dövlət qulluqçusu, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər istisna olmaqla, digər əmək pensiyaçılarına şamil edilib ki, bu da, ümumilikdə, 48 min nəfərdən çoxdur.
Dövlətimiz tərəfindən vətəndaşlara verilən sosial zəmanətlərdən biri də yeni doğulan uşağa və vəfat edən vətəndaşın dəfni üçün verilən sosial müavinətlərin məbləğinin artırılmasıdır. Belə ki, cari ilin aprel ayından uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata çatdırılıb. Sığortaolunan vəfat etdikdə dəfn üçün ödənilən müavinət 145 manatdan 300 manata, əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün ödənilən müavinətin məbləği 348,81 manatdan 600 manatadək, yəni minimum əmək pensiyasının məbləğinin 3 mislinədək artırılıb.
Göründüyü kimi, insanların sosial müdafiəsinin gücləndirilməsi sahəsində qəbul olunmuş bu qərarlar, geniş mənada, əhalinin rifahına təsir edir. Bütün bunlar isə ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu, müstəqil Azərbaycan Respublikasının artan iqtisadi qüdrətinin hər bir vətəndaşının firavan həyatına çevrilməsi deməkdir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR