22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar sentyabr ayının 7-də keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsindən, eləcə də bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.

Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Əks təqdirdə həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.

Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük sərhəd-buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bununla bağlı sərhəd-keçid məntəqələrində vətəndaşlara yazılı, şifahi və elektron qaydada xəbərdarlıqlar olunur, xaricdən qaz sobası gətirmək istəyən hüquqi və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd-keçid məntəqələrində saxlanılır. Ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi yoxlanılır və müsbət rəy alındıqdan sonra buraxılışına icazə verilir. İstifadə olunmuş, ikinci əl qaz cihazları isə, ümumiyyətlə, gömrük sərhədindən buraxılmır. Bu gömrük siyasəti təhlükəsizliyin təmin olunmasına, vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir.
Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kənd­lərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artırmaqla yanaşı, onlardan istifadə zamanı təhlükəsizliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələr qaçılmaz olur.
Yeri gəlmişkən, qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz requlyatoru ilə təchiz edilir. Sınaq yoxlamalarının nəticələri göstərir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən xaricdəki mağazalardan alınıb gətirilən sobaların heç də hamısı standartlara cavab vermir. Xarici uyğunluq sertifikatı olan qaz sobalarında bir çox hallarda müəyyən olunur ki, maya dəyərinin aşağı salınması və ya hər hansısa başqa bir səbəbdən onların üzərində bu qurğular olmur və ya sonradan açılıb çıxarılır.
Cari ilin yanvar-oktyabr ayları ərzində 10 qaz sobası, 88 qaz pilətəsi, 17 qazla işləyən su qızdırıcısı standartlara uyğun olmadığından gömrük orqanları tərəfindən saxlanılıb. 2907 qaz sobası, 2228 qaz pilətəsi, 4267 qazla işləyən su qızdırıcısı isə standartlara uyğun olduğundan buraxılışı təmin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasıyla əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Anti­inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən daxili bazarda birgə reydlər də təşkil olunur. Məqsəd standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz cihazlarının istismarına yol verilməməsindən və satış dövriyyəsindən çıxarılmasının təmin edilməsindən, o cümlədən sahibkarlıq subyektlərinin hüquqi cəhətdən maarifləndirilməsindən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır.

Rahil TAHİRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR