Havaların soyuması ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilməməsi səbəbindən bir çox hallarda xoşagəlməz hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha diqqətə çatdırır, aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir.
Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişini aparmaq olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü, yalnız sabun məhlulundan istifadə edilməlidir.
Vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırmaq olmaz. Hamam otağına hava daxil olması üçün qapının aşağısında deşiklər olmalı, nəfəslik açıq saxlanmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır.
Yaşayış evləri və mənzillərdə qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq isinməsinə yol vermək, onların istifadəsini azyaşlı uşaqlara etibar edib evdən çıxmaq olmaz. Mənzili tərk edərkən qaz cihazlarını söndürməli, qaz borularının ventilləri bağlanmalıdır.
Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Belə ki, qaz cihazları quraşdırılan mətbəx otağının hündürlüyü 2,2 metrdən az olmamalı, pəncərə açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir. Qaz cihazlarının tüstü boruları digər məişət cihazlarının borularına qoşulmamalıdır.
Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq və qarajlarda, habelə standarta uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcılarının istismarı zamanı baş verir. Tüstünün xaric olunması üçün standarta uyğun olmayan və tez qatlanan borulardan istifadə etmək olmaz. Bunun üçün yalnız düzaxımlı metal borulardan istifadə edilməli və eyni zamanda tüstü boruları binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Dəm qazının yaranmaması üçün tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və həmin boruların çıxışı tutulmamalıdır.
Qaz cihazını alarkən onun sənaye üsulu ilə hazırlanmasına və təhlükəsizlik qurğusu ilə təchiz olunmasına diqqət yetirmək lazımdır. Partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi xoşagəlməz hadisələrin əksəriyyəti qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismar qaydaları, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı