20 noyabr – Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilib.
Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında məlumat veriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil naziri Rəhman Məmmədov və Mədəniyyət naziri Natəvan Qədimova çıxış ediblər. Bildirilib ki, muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə edilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 815 nəfəri uşaqdır.
Qeyd olunub ki, Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupu yaradılıb. Muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilib, həmçinin hər il 15 sentyabr – Bilik Günü ilə əlaqədar müvafiq uşaqlar məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar.
Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildə təhsil, idman, incəsənət nominasiyaları üzrə fərqlənən 16 uşağa diplom və hədiyyə təqdim olunub.
Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti