Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Dövlət proqramının icrası istiqamətində növbəti tədbir dünən keçirilib, sosial qayğıya ehtiyacı olan məktəblilər qış geyimi ilə təmin edilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb edilirlər. Ümumtəhsil məktəblərinə gedə bilməyənlər üçün distant təhsil təşkil olunur. Bu məqsədlə muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılıb, görmə qabiliyyəti məhdud şəxslər brayl kurslara cəlb olunub. Nitq problemləri olanlar üçün defektoloji bölmə yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Nahidə Əliyeva göstərilən dövlət qayğısına görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 53, sağlamlıq imkanları məhdud 284, aztəminatlı ailələrin övladlarından isə 42 olmaqla, ümumilikdə, 379 uşağa isti qış geyimi hədiyyə olunub. Qeyd edək ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə də təmin edilmişdi.
Qış geyimləri Naxçıvan şəhərində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə qeyd olunan aidiyyəti təşkilatların və rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən şagirdlərə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti