22 Dekabr 2024, Bazar

(Esse)

 

Payızın solğun, yağışlı-çiskinli günlərindən biridir. Bir ay, ay yarım öncə bütün varlıqlardan əvvəl oyanıb sübhün mürgüdöyən gözlərini ­qamaşdıran Günəş indi ta doğmağa tələsmir. Göy üzünün mavisini azaldan ağ buludlar, sanki Günəşin başına yastıq, üstünə yorğan olub “Yat, yazdan bəri təbiətin yuxusunu ərşə qaldırıb sübhün oyanışı, uzun-uzadı günlərin həmdəmi olmusan. Yorğunsan, göylər maviyə, yerlər yaşıla dinclik verdiyi kimi, qoy dan yeri də sənə dinclik versin”, – deyir. Və beləliklə də, hər səhər dan yeri ilə xeyli mücadilədən sonra onu yararaq doğan Günəş 6-8 saatlıq manevrindən dərhal sonra günbatana – mənzilinə çəkilir. Buna görə də günlər qısa, solğun və bir az da soyuqdur. İndi artıq günün rəngi Günəş deyil, payızın rəngləridir.

Belə rəngli günlərdən birinin axşamıdır. Qəzetdə növbətçiyəm. Saat­larla tərk etdiyim otağıma qayıtdığımda şəhərimizin ən gözəl görüntüsünə açılan və otaq yoldaşımla “ilham qaynağı” adlandırdığımız geniş pəncərədə portretləşən gözəl bir mənzərə ilə qarşılaşıram. Heyrətamiz bir mənzərə. Bu mənzərə məni dəqiqələrlə pəncərə önünə kilidləyir... Axşam hər yerə bir sükut çökdürüb. Səssizlikdir. Gündüzlər nə bu küçədə şütüyən saysız maşınlar var, nə məktəbdən çıxan uşaqların şaqraq gülüşləri, nə də harasa tələsən insanlar. Sükut hər kəsi, hər şeyi qovub, meydanı özünə verib. Lakin necə? Bəzən sükut deyəndə nəzərimizdə lal səssizlik, rəngsiz bir aləm canlanır. Sanki bu sükutda bütün həyat dayanır, ətrafı biranlıq hərəkətsizlik ağuşuna alır. Lakin, əslində, belə deyilmiş... Budur, axşamın sükutunda pəncərəmlə üzbəüz parkda əsrarəngiz bir canlanma var. Buradakı sarı, qırmızı, qəhvəyi, bir də yaşılın soluxmuş rəngində olan yarpaqlı ağacların üzərinə qarşıdakı əzəmətli “Təbriz” mehmanxanasını və “Zümrüd” kafe-restoranını axşamlar çıraqbana bürüyən rəngarəng işıq zolaqlarından, yaxınlıqdakı və aşağı tərəfdəki Heydər Əliyev prospektindəki binalardan süzülən gur işıqların yaratdığı görüntü göz istəyir ki, tamaşa etsin bu gözəl­liyə. İşıqların rəqsi yarpaqların üzərində yeni rənglər yaradır, ətrafı saran qaranlığın çalarını dəyişib onu aydınladır sanki. Pəncərələrdən süzülən işıq dalğaları illər öncəki zülmət axşamları, zülmət qədər sıxıcı və bitməyən sükutu xatırlatdıqca, payızın sazaqlı-soyuqlu günlərində təbii qazsız, istiliksiz evlərimizdə əllərimizi nəfəsimizlə qızdırdığımız anları andırdıqca, bayırdakı sükutda həm də, sanki bir musiqi duyulur. Bu, sükutun simfoniyasıdır. Bir payız axşamının səssizliyində ətrafa dalğa­-dalğa yayılan, bu şəhərə hüzur səpələyən bir simfoniya...

Etiraf etməliyəm ki, bizim nəslin nümayəndələri uzun illər payız axşamlarının da, gündüzlərinin də bu qədər gözəl­liyinin fərqində olmayıblar. Bunun üçün əsla özümüzü qınamıram da. Axı ömrümüzün gənclik çağına Naxçıvanın blokadasının ilk illərinin acılı günləri kök salmışdı. Evlərimizdə zülmətlə mücadilə etdiyimiz, qaranlığa yenilən zəif çıraq işığında bir-birimizin üzünü ancaq gördüyümüz, payız axşamlarında heç də bayırdan fərqi olmayan soyuq, hərarətə möhtac evlərimizdə özümüzə yer tapa bilmədiyimiz o günlərdə qaranlıq, zığlı-palçıqlı küçələrdə payızı axtaran kim idi? Heç o illər payız, deyim ki, arzulanmırdı da. Çünki o özü ilə soyuqlu-sazaqlı günləri, ən kədərlisi isə ardınca qışı gətirəcəkdi. Ağappaq qar insanların qara gününə çevriləcəkdi. Bəmbəyaz qar yazın bərəkət müjdəsinin sevincini tar-mar edərək, evləri yetərincə qızdıra bilməyən valideynlərin övladlarının yanında üzlərini qara edəcəkdi. Nə il, nə ay, nə fəsil? Bunları, sadəcə, zamanın karvanı gətirib, özü də aparırdı. İnsanlar onların varlığının fərqində belə, deyildilər. 

Bayıra çıxıb payızın qollarına aldığı bu abad, təmiz, doyumsuz, seyrinə çıxanların addım səsinin, bir də gur əlvan işıqların gözlərindən yuxusunu qaçıran bu şəhərin gecə görüntülərinə tamaşa etmək, sükutu yaran simfoniyanı daha yaxından dinləmək keçir qəlbimdən. Bunun üçün ertəsi günün axşamı çıxıram şəhərin seyrinə. Heydər Əliyev prospekti, Atatürk və Nizami küçələri boyunca park və xiyabanlarda, müasirliyin qoynuna aldığı bu qədim şəhərin möhtəşəm binaları qarşısında ayaq saxlayır, gecənin sükutunu pozan yarpaqların xışıltısından, küləklə bu yarpaqların “Qovalaqaç” oyunundan not alan simfoniyanı dinləyirəm. Bu simfoniya yavaş-yavaş bəmdən zilə qalxmaqdadır. Əgər simfoniyanın bəm notlarını payızın həzin nəğməsi cilalayırsa, zilə doğru notları isə gecənin qaranlığını yaran süd kimi küçə lampaları, yolboyu şəhərə qol-qanad olan sıx ağaclar, yaşayış binalarındakı evlərin pəncərələrindən bayıra süzülən işıqlar – blokadanın ilk illərindən çox fərqli görüntülər sıralayır.

Budur, Bayraq Meydanına yaxınlaşıram. Azadlığın şirinliyini, əvəzsizliyini diktə edən möhtəşəm bayrağımızın müstəqillik qüruru ilə dalğalandığı, and yerimiz olan bu meydanın işıq selinə bürünmüş gözəlliyində səslənir bu simfoniya. Sədası bayrağımız boyu yüksəklərə qalxdıqca dünənlə bu günün mənzərəsini canlandırır. Buradan davam etdirdiyim yolçuluğumda qarşıma çıxan xəstəxana, məktəb, inzibati və ictimai yaşayış binaları, parklar, küçələr bir-birini əvəz etdikcə onların hər birinin əzəmətli, yaraşıqlı fonunda ətrafdakı bu fəslin gözəlliyini duyuram. Bir azdan həzin yağış başlayır. Asfalt yollar, sanki şüşəyə çevrilir. Külək yuyulub parıldayan yarpaqları ora-bura qovduqca bu yarpaqların bir vaxtlar yağış yağarkən küçələrdəki palçığa qarışıb məhv olan yarpaqlardan nə qədər bəxtəvər olduğunu düşünürəm. Küçəboyu çətirli insanların bu gözəl havada gəzintilərini, xoşbəxt gülüşlərini yenə də o illərin insanları, onların həyatlarındakı çətinliklərlə müqayisə edə-edə, Naxçıvanın bu günündən qürur duya-duya çatıram möhtəşəmliyi ilə bu şəhərə ayrı bir yaraşıq qatan “Saat Meydanı” turistik istirahət mərkəzinə. Saat 2300-ı göstərir. Bayırdakı sükutun simfoniyasına hər saatın tamamında buradakı hündür qüllədən səslənən milli musiqimizdən bir parça qatılır. Bu musiqi sədaları altında daim qonaqlı-qaralı olan “Saat Meydanı”nın şəffaf şüşəli pəncərələrindən aydın görünən içəridə qonaqların, şəhər sakinlərinin istirahətini seyr etdikcə bu musiqi sədaları bir qədər də zilə qalxır – inkişafın, tərəqqinin, xoş günlərin akkordlarını vurur. Elə buradaca bu payız gecəsinin sükutunu pozan bu simfoniyaya ad da qoyuram: Naxçıvan simfoniyası.
Evə qayıdıram. Yolboyu düşünürəm ki, illərin əzmkarlığı ilə ağır blokadası yarılan, ötən 25 ilin hər günü uğur təqviminə çevrilən Naxçıvanımızda indi bütün şəhər, rayon, kəndlər və onların dörd fəslinin hamısı gözəldir, cəzbedicidir. İnsanlara blokadanın o acı günlərini unutdurmaq üçün yaradılan şərait, verilən imkanlar, layiq olduqları həyat tərzinin ərməğanı onların xoş, mənalı ömür səhifələrinə çevrilib. Budur, bir payız axşamının timsalında gecələrin sükut bağrını yararaq səslənən bu simfoniya elə gündüzlərin çal-çağırının axşamlara da daşınmasından, diyarımızın gündüzləritək ­axşamlarının da gözəl olmasından yaranmayıbmı?..

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR