Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən anomal isti hava şəraitindən sonra oktyabrın 31-dən noyabrın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Oktyabrın 31-i və noyabrın 2-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 31-i səhərdən şimal və qərb rayonlarından başlayaraq noyabrın 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ehtimal edilir.
Xəbərlər şöbəsi