Ruzi-bərəkət dövrü olan payız dörd mövsüm içərisində bolluğun ən çox müşahidə edildiyi fəsildir. Heyva da bu fəslin ən dadlı, ən faydalı meyvələrindəndir. Bu meyvə muxtar respublikamızda da geniş yayılıb və demək olar ki, bütün bölgələrimizdə yetişdirilir.
Ötən günlərdə Şərur rayonunun Çərçiboğan kəndi ərazisində gördüyümüz bir mənzərə bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, 2 hektar ərazidə 3 min heyva ağacı əkilən bağ Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Meyvə tədarük edilən bağda sahibkarla həmsöhbət olduq. Onun dedikləri:
– Heyva becərilməsi ilə illərdir, məşğul oluram. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu meyvə arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Torpaq və iqlim xüsusiyyətlərinə görə Naxçıvan heyvanın yaxşı inkişafı, bol məhsul verməsi üçün səciyyəvi bölgə sayılır. Bizim diyarın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan “qorxmur”. Ağac sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə və üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarına vaxtlı-vaxtında qulluq göstərdikdə daha məhsuldar, meyvələri isə böyük olur. Erkən yazda heyva ağacının quru budaqları mütləq kəsilməlidir. Münbit torpaqlarda 5-8 metrədək boy atan ağacın budaq araları havalanmalı, yarpaqların günəş şüası ilə təmasına şərait yaradılmalıdır.
Builki mövsümdə bağda bol məhsul yetişdiyini bildirən sahibkar bunu onunla izah etdi ki, ailə üzvləri ilə birlikdə ilboyu aqrotexniki tələblərə düzgün əməl ediblər. Göründüyü kimi, çəkdikləri zəhmət hədər getməyib.
Muxtar respublikamızın coğrafi iqlim şəraiti, təmiz havası və saf suyu diyarımızda böyük müalicəvi əhəmiyyətə malik müxtəlif qida məhsullarının yetişdirilməsinə imkan verib. Son illərdə dövlət qayğısı hesabına bu sahəyə maraq daha da artıb. Abdulla Adıgözəlov da bu şəraitdən səmərəli istifadə edən torpaq mülkiyyətçilərimizdəndir. Ailəsi ilə zəhmətə qatlaşan, məhsul bolluğu yaradan bu zəhmətkeş saldığı heyva bağını özünün daimi iş yeri sayır və bu bağda çalışmaqdan zövq alır.
Kənddəki heyva bağından ayrılıb şəhərə qayıdır və düşünürük ki, payızın soyuq günlərində heyvanın faydaları haqqında həkim məsləhətini də oxucularımıza çatdırsaq, yerinə düşər. Bu barədə həmsöhbətimiz Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-terapevti Ramidə Bağırovadır:
– Heyvanın tərkibində A, B2 və C vitaminləri, minerallar, protein, şəkər, asitlər, dəmir, mis, kalium və daha neçə-neçə faydalı maddə var. Olduqca zəngin vitamin tərkibli, xoşətirli meyvələri ilə yanaşı, yarpaqları, toxumları, çiçəkləri, çubuqları da müalicəvi əhəmiyyətə malikdir. Yetişib saralmış meyvələrinin tərkibində 2-15 faizə qədər şəkər, 2 faizədək alma, limon turşuları, ətirsaçan efirli maddələr, pektin, karotin, dəmir duzları çoxluq təşkil edir. Heyva uşaqların sinir sisteminin inkişafında əvəzsiz rola malikdir.
Həkim deyir ki, bu meyvənin qəbulu mədə və bağırsağı mikroblardan qoruyur, həzm problemlərini aradan qaldırır. Tərkibindəki vitamin və minerallar sayəsində ürək-damar xəstəliklərinin, varikoz genişlənməsinin qarşısını alır. Qanı təmizləyir, ürək döyüntülərinə faydalıdır, həm də qandakı xolesterolu azaldaraq orqanizmi damar sərtliyindən mühafizə edir.
Ramidə Bağırovanın sözlərinə görə, tərkibindəki tanen, pektin, şəkər, A və C vitaminləri, mineral duzlar, toxumundakı xeyirli maddələr ağciyər, boğaz, mədə, böyrək, göz, bağırsaq, ağız xəstəlikləri üçün faydalıdır. Həkimin bu fikirlərini dinləyəndə xalq təbabəti ilə məşğul olan Şərur rayon sakini Fatma Əliyevanın da heyva haqqında dediklərini xatırlayıram:
– Xalq təbabətində heyvanın şirəsindən ödqovucu, mürəbbəsindən ürək qüvvətləndirici, kompot, cem və mətləşdirilmiş şirəsindən həzmyaxşılaşdırıcı kimi istifadə olunur. Bundan başqa, toxumlarının dəmləməsi sinə sətəlcəmi və tənəffüs yolları xəstəliklərinə, soyuqdəyməyə xeyirlidir. Təzə və ya qurudulmuş heyva yarpaqlarından dəmlənmiş çay ürək ağrılarını sakitləşdirir. Heyvanın çubuqlarından dəmlənən çay isə böyrəklərdə olan bir çox problemi həll edir. Bunun üçün ağacın budağından bir parça qoparır, onu yuyub suyun içinə atır və qaynadaraq qırmızı rəngli, turşməzə, gözəl ətirli bir çay alırıq. Bunu qış fəslində hazırlayıb içmək çox faydalıdır.
Fatma nənə deyirdi ki, meyvəni çiy halda yemək ürəyə qüvvət verir. Ürək döyüntüsünü qaydada saxlayır, təngnəfəsliyi aradan qaldırır. Hərarəti olanlar üçün heyvanın kompotundan istifadə etmək də xeyirlidir. Heyva yüksək təzyiqi aşağı salır, qaraciyər passivliyini aradan qaldırır. Bu meyvəni kərə yağında bişirib yemək nəfəs yollarına, öskürəyə, bronxlara faydalıdır. Eyni zamanda heyva yorğunluğu aradan qaldırır. Ondan “qəlyə” adlı milli xörək hazırlanır. Heyvanın ocaq və təndir közündə bişirilmişi də dadlı olur. Qanazlığında, vitamin təminatında ən gözəl qidadır. Meyvəni elektrik sobalarında da bişirmək mümkündür. Həmərsinlə qarışıq hazırlanmış heyva kompotu qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir. Əgər dəriniz qurudursa, dırnaqlarınız möhkəm deyilsə, heyva bu dərdinizə də çarə ola bilər.
Fəsillərin “sarı gəlini”, payızın ən çox sevilən meyvələrindən biri olan heyva bu mövsümdən yaza kimi saxlanılanda da öz təravətini itirmir. Ondan hazırlanan mürəbbənin, kompotun, şirənin, cemin, marmeladın isə dadı damaqda qalır. Sevindirici haldır ki, hazırda bu təsərrüfat sahəsi ilə məşğul olan ailə təsərrüfatçılarının, sahibkarların sayı artmaqdadır. Onlar yurdumuzun bir çox nemətləri kimi, can dərmanı olan heyvadan hazırladıqları məhsulları da hər həftə təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında, hər il ənənəvi olaraq keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında satışa çıxarırlar.
Ramiyyə ƏKBƏROVA