Muxtar respublikamızda cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması tədbirləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, fond tərəfindən muxtar respublika üzrə 2019-cu il oktyabr ayının pensiya ödənişi vaxtından əvvəl maliyyələşdirilib, əmək pensiyaçılarına pensiyalar plastik bankomat kartları və poçt bölmələri vasitəsilə artımla birlikdə ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.
Məlumat üçün bildirək ki, fondun yerli orqanları tərəfindən 1 oktyabr 2019-cu il tarixdən əmək pensiyalarının minimum məbləği 160 manatdan 200 manata çatdırılmış və muxtar respublika üzrə, ümumilikdə, 26 min 758 əmək pensiyaçısının pensiyasında artım olmuşdur. Bu artımların ödənilməsində fondun büdcəsindən 772 min 300 manat əlavə vəsait yönəldilmişdir.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla pensiyalarının poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial rifah halının yaxşılaşdırılmasına, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən qərarların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən bundan sonra da müvafiq işlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti