22 Dekabr 2024, Bazar

Buğda əsas ərzaq bitkisidir. Yer üzərindəki insanların 70 faizi bu məhsulla qidalanır. O, yüksək qidalılıq və dad keyfiyyətlərinə malikdir, orqanizm tərəfindən yaxşı mənimsənilir. 1 kiloqram buğda çörəyində 2000-2500 kalori enerji, quru çəkidə 16-17 faiz zülal vardır. Buğda ununun çörəyində bunlardan başqa B vitaminləri kompleksi (B1,B2 və sair) və PP vitamini, həmçinin insan orqanizmi üçün vacib olan mineral birləşmələr – kalsium, fosfor, dəmir və başqa elementlər də vardır.

Son illər aparılmış arxeoloji qazıntılar bu bitkinin Naxçıvan Muxtar Respublikasında qədim tarixə malik olmasını bir daha sübut edib. Hazırda buğdanın 22 növü məlumdur. Onlardan ikisi – yumşaq və bərk buğda növləri dünyada ən çox yayılanlarıdır. 

Buğdanın bütün növləri birillikdir. Bu bitki 3 qrupa bölünür – payızlıq, yazlıq və yarım­payızlıq. Payızlıq buğda özünün ilkin boy və inkişafı üçün uzun müddət aşağı temperatur tələb edir, yazlıq buğdalar isə 0°C-dən yuxarı temperaturda inkişaf mərhələsinə keçərək böyüyür və məhsul verir. Buğda bitkisi min illər ərzində həyat şəraiti amillərinə uyğunlaşaraq külli miqdarda ekoloji qruplara bölünüb. Bərk buğda düzənlik bitkisi kimi, əsasən, yazlıq formada olur. Yumşaq buğda yeni mühit şəraitinə çox tez uyğunlaşır, düzənlik, meşə-düzənlik, həmçinin şoran, yarımsəhra və qaratorpaq olmayan ərazilərdə əkilir.
Payızlıq buğdanın səpini payızda kənd təsərrüfatı işlərinin nisbətən az olduğu vaxtlarda aparılır. Bu isə bitkilərin payız, qış və yaz yağışlarından tam istifadə etməsinə, məhsulun sahədən yazlıq taxıllara nisbətən tez yığılmasına və yüksək məhsul verməsinə şərait yaradır. Payızlıq buğdanın ən yaxşı xüsusiyyətlərindən biri də onunla izah edilir ki, o, öz vegetasiya dövrünü may-iyun aylarında qurtarır. Bu da həmin sahələrdə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün çox əlverişlidir. Payızlıq buğda yazlığa nisbətən yüksək və keyfiyyətli məhsulvermə qabiliyyətinə malikdir. Onun əlverişsiz şəraitə davamlılığı, birinci növbədə, sortun bioloji xüsusiyyətlərindən asılıdır.
Buğda bitkisinin aqrotexnikası səpin üçün torpağın hazırlanmasından başlayır. Məsləhət görülür ki, əsas şumdan qabaq sahəyə 20-30 ton üzvi gübrə, fosfor (200 kiloqram/hektar, fiziki çəkidə) və kalium (80 kiloqram/hektar) gübrələri ilə birlikdə əsas gübrə şəklində torpağa verilsin. Əsas şum 28-30 santimetr dərinliyində aparılmalıdır. Şumdan dərhal sonra sahə diskli mala ilə malalanmalı, sahə bir qədər hamarlanmalıdır. Səpinə 15-20 gün qalmış sahə suvarılmalıdır. Səpinqabağı sahədə 12-15 santimetrlikdə ikiləmə şumu aparılır, bununla da alaq otları məhv edilir. Bundan sonra sahə üzlənərək bir qədər də hamarlanmalı və toxum səpini aparılmalıdır. Səpin üçün hazırlanmış toxum materialı alaq toxumlarından təmizlənmiş olmalı, dərmanlanmalıdır.
Muxtar respublikada optimal səpin müddəti oktyabrın ikinci yarısı və ya noyabrın əvvəlinə təsadüf edir. Bu vaxtda səpilmiş toxumdan alınmış cücərtilər qış şaxtalarına qədər yaxşı böyüyür və kollanır. Belə halda onların şaxtaya dözümlülükləri artır və qışı yaxşı keçirməyə müvəffəq olurlar.
Səpinin dərinliyi torpaq tiplərindən asılıdır. Belə ki, ağır torpaqlarda 4-5, ortagillicəli torpaqlarda 5-6, yüngül qumsal və qumlu torpaqlarda isə 6-7 santimetr dərinlikdə olmalıdır. Nəmişlik çatmayan torpaqlarda səpin dərinliyi bir qədər artırılır və 9-10 santimetrə çatdırılır.
Bitkilərə payız vaxtında edilən qulluq onun yaxşı qışlamasını təmin edir və gələcəkdə yüksək məhsul yaranmasına şərait yaradır. Payız yemləməsində hər hektara 30 kiloqram (təsiredici maddə ilə) fosfor və kalium gübrələrinin verilməsi mütləqdir.
Vegetasiyanın yaz dövründə bitkilərin yemləndirilməsi əsas qulluq işlərindən sayılır. Çünki qışlamadan çıxan bitkilər mineral qidalanmaya böyük ehtiyac duyurlar. Buna səbəb payız-qış dövründə azotun güclü mənimsənilməsi və müxtəlif itkilərə uğraması nəticəsində torpaqda azot qıtlığının baş verməsidir. Odur ki, bitkilərin bu dövrdə azotla yemləndirilməsi bitkilərin boy və inkişafını gücləndirir və yaxşı kollanmasına səbəb olur. Hər hektar sahəyə 200-250 kiloqram (fiziki çəkidə) ammonium şorasının verilməsi məsləhət görülür, toz şəklində superfosfatın 100 kiloqram və 50 kiloqram kalium xloridlə birlikdə o, daha yaxşı nəticə verir. Qeyd edilən gübrələr verildikdən sonra sahənin suvarılması çox zəruridir.
Payızlıq buğdanın əkinlərini yazda ziqzaq mala ilə malalamaq çox yaxşı səmərə verir. Bundan başqa, malalama zamanı bitkilərdə qurumuş və ya xəstələnmiş yarpaqlar qoparılır, nəticədə, bitkilərin havalanması yaxşılaşdırılır, xəstə yarpaqlar bir qədər kənarlaşdırılır.
Payızlıq buğdanın məhsulu tam yetişmə fazasında yazlıqdan fərqli olaraq yerə tökülmür və yığım gecikdikdə sahədə gövdə üzərində cücərmir. Ancaq yığımın gecikməsi dən itkisinə və dənin keyfiyyətinin pisləşməsinə səbəb olur. Məhsul yığımının düzgün təşkili üçün ayrı-ayrı sahələrdə müşahidələr aparılmalı və ilk olaraq yaxşı yetişmiş sahələrdə yığım aparılmalıdır. Ümumi yığım kampaniyası 8-10 günə başa çatdırılmalıdır.
Qeyd edək ki, muxtar respublikada taxılçılıqda zəngin təcrübə qazanılıb. Son illərdə taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə yüksək reproduksiyalı toxumların, subsidiyaların verilməsi, diyarımıza yeni texnikaların gətirilməsi, istehsal olunmuş məhsulun saxlanılması üçün anbarların tikilməsi taxılçılığa marağı artırıb. Taxılçılıq sahəsində qazanılan müvəffəqiyyətlərdən ruhlanan torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulunun əsasını qoymaq üçün əkin işlərini intensiv şəkildə həyata keçirirlər.

Lamiyə QULİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR