22 Dekabr 2024, Bazar

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ildə təqdim etdiyi sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında cari ildə əmək pensiyalarının minimum məbləğinin artırılması istiqamətində iki mühüm qərar qəbul edilib. Birinci dəfə cari il martın 1-dən əmək pensiyalarının minimum məbləği orta hesabla 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklərdən sonra isə əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq ok­tyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib.

Ölkə üzrə sosial sahədə həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq olunur. Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun cəmiyyətin həssas qrupu sayılan pensiyaçılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, onun bila­vasitə tapşırıq və tövsiyələrinə uyğun olaraq artıq neçə illərdir, muxtar respublikada pensiya məbləğinin həcmində qeydə alınan artımların hesablanması və ödənişi hər ay vaxtından əvvəl başa çatdırılır.
Əmək pensiyalarının minimum məbləğinin son artımı muxtar respublika üzrə, ümumilikdə, 26 min 758 əmək pensiyaçısına şamil olunacaqdır. Onlardan 14 min 527-si yaşa, 10 min 93-ü sağlamlıq imkanları məhdudluğa, 2138-i isə ailə başçısını itirməyə görə aşağı məbləğdə əmək pensiyası alan şəxslərin pensiyalarının məbləği 200 manata çatdırılacaqdır. Bu da o deməkdir ki, 1 oktyabr 2019-cu il tarixdən 200 manatdan aşağı əmək pensiyası alan olmayacaqdır.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən hər ay orta hesabla 772 min 300 manat əlavə vəsait yönəldiləcəkdir. Pensiyanın minimum məbləğinin artımı fond tərəfindən oktyabr ayının pensiya ödənişində qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsilə pensiyaçılara ödəniləcəkdir.
Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması Azərbaycan Respublikası Prezidentinin “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə bir daha öz təsdiqini tapdığını göstərir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR