22 Dekabr 2024, Bazar

Budapeştdə kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 41-ci sessiyası keçirilir. Macarıstan hökumətinin dəstəyi ilə təşkil olunan bu tədbirin işində 33 ölkənin nümayəndələri iki gün ərzində bitki sağlamlığının qorunması və bu məsələdə milli, regional və qlobal səviyyələrdə tədbirlərin həyata keçirilməsini müzakirə edirlər. Azərbaycanı bu tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev təmsil edir. Sessiyanın gündəliyi 2020-ci ilədək bitki sağlamlığının qorunması üzrə Beynəlxalq İlə və iqlim dəyişiklikləri, internet ticarət də daxil olmaqla beynəlxalq ticarət və əhalinin köçü məsələlərinə həsr olunub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, Avropa və Mərkəzi Asiya ölkələri iqlim, ekologiya, topoqrafiya, kənd təsərrüfatı nöqteyi-nəzərindən rəngarəng olmaqla bitki sağlamlığı üçün bir çox xarici təhdidlərlə üzləşirlər. Bu təhdidlər fitosanitar sistemin növ müxtəlifliyi kimi tanınır. Zərərvericilər bitkiçiliyə, meşə təsərrüfatına və ərzaq təhlükəsizliyinə ciddi ziyan vurur, bu da öz növbəsində bitkilərin və bitki məhsullarının beynəlxalq ticarətinə mənfi təsir göstərir. Kənd təsərrüfatı və ətraf mühitin ərzaq təhlükəsizliyi, iqtisadiyyatın fəaliyyəti və əhalinin yaşaması üçün mənbələrdə mühüm rolunu nəzərə alan FAO-nun regional rəhbər orqanı sessiyada bitki sağlamlığı üçün risklərə nəzarət edilməsi üzrə ölkələrə ediləcək yardımları müzakirə edir.

FAO-nun baş direktorunun müavini və təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin qeyd edib: “Fitosanitar sistemin inkişafı və təkmilləşdirilməsi regionun bir sıra ölkələri üçün prioritet məsələlərdən biridir. Yaxşı xəbər ondan ibarətdir ki, ölkələr bitki sağlamlığının mühafizəsi problemlərinin həllində tənha deyillər. FAO regional və qlobal səviyyələrdə həmin ölkələri dəstəkləyir və buna davam edəcək. Bu məqsədlə təşkilat digər tərəfdaşları ilə, o cümlədən beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir”.

Komissiyanın iştirakçı ölkələr və FAO üçün bir sıra tövsiyələr qəbul edəcəyi gözlənilir. Onlar bitki sağlamlığının daha səmərəli mühafizəsinin təmin edilməsi, zərərvericilərlə və bitki xəstəlikləri ilə mübarizə sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsi, həmçinin ölkələrin hazırlığının yüksəldilməsi tədbirlərinə kömək edəcək. Eyni zamanda, bu tövsiyələr profilaktika sisteminin təkmilləşdirilməsi və adaptasiyanın yüksəldilməsinə, habelə yeni elmi tədqiqatlara əsaslanan daha mükəmməl və dayanıqlı bitkiçilik sisteminin işlənib hazırlanmasına şərait yaradacaq.

Komissiyanın katibi Pyotr Vlodarçik bildirib: “Bugünkü kənd təsərrüfatı təcrübəsinə yenidən baxılmalıdır. İqlim xüsusiyyətlərini nəzərə alaraq zərərvericilərlə mübarizə aparılması dayanıqlı istehsalın və kənd təsərrüfatı məhsullarının mühafizəsinin əsas komponentlərindən biri olacaq və insanların və heyvanların sağlamlığı üçün gələcək təhlükələrin azaldılmasına imkan verəcək. Bu təhdidlər bitkiçilikdə mikroblara qarşı preparatların dayanıqlığı ilə əlaqədardır”.

Ticarət həcminin və əhalinin köç prosesinin güclənməsi kimi risk faktorlarına gəldikdə isə, bitki zərərvericilərinin yayılması və onların sərhədlərdən keçirilməsi problemini həll etmək məqsədilə FAO risklərin qiymətləndirilməsi metodlarının yenilənməsinə və epidemioloji nəzarətə xüsusi diqqət yetirir. Sonuncular qlobal ticarət şəbəkələrində bitkilərin daşınması zamanı struktur analizinin və izləmə modellərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Bitkiçiliklə bağlı mövzularla yanaşı, sessiyada gender bərabərliyinin təmin olunması və kənd yerlərində qadınların gəlir mənbəyinin şaxələndirilməsi ilə bağlı hesabat da müzakirə olunacaq.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR