22 Dekabr 2024, Bazar

Dağlar qoynunda yerləşən Şurud kəndinin təsərrüfat adamlarının əsas məşğuliyyətlərindən biri də arıçılıqdır. Əlverişli coğrafi mövqe, mülayim iqlim, zəngin bitki aləmi burada arıçılığın inkişaf etdirilməsi üçün lazımi zəmin yaradır. Zəngin floraya malik Şurud kəndində, xüsusilə bu yurd yerinə yaxın olan, “Yarpaqlı yaylağı” və “Məhəmməd düzü” adlanan ərazilərdə çoxlu şirəli bitki növü olduğu üçün bu yerlərin balı öz keyfiyyətinə və müalicəvi əhəmiyyətinə görə diqqəti cəlb edir.

 Arıçılıq Culfa rayonunun Şurud kəndində ta qədim zamanlardan əhalinin təcrübə empirik biliyi sayəsində inkişaf etdirilərək əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə çatdırılıb, məişətdə və əhalinin həyat tərzinin yaxşı­laşdırılmasında əhəmiyyətli rol oynayıb. Şurudda, demək olar ki, hər bir təsərrüfat adamı arıçılıqla məşğul olur. Bu gün Şurud­-Gal kəndində arı ailələrinin sayı 1200-ə çatıb. Qeyd etmək lazımdır ki, Şurud dəniz səviyyəsindən yüksəkdə olduğundan sərt iqlim şəraiti ilə səciyyələnir. Burada qış uzun sürür, bu müddətdə çoxlu qar yağır. Dağlıq ərazi olduğu üçün havanın temperaturu gündə bir neçə dəfə dəyişir, yazda günəşli gündüzdən sonra soyuq gecə gəlir. Soyuğa və xəstəliyə dözümlülüyü, habelə məhsuldarlığı ilə diqqəti cəlb edən Şurud arısının rəngarəng çiçəklərdən topladığı bal min bir dərdin dərmanı, can məlhəmidir. Yaxın kəndlərin təsərrüfat adamları da öz arılarını isti yay günlərində bu yerlərə gətirirlər. ­Şurud arıçılarının qazandıqları ənənəvi təcrübə arıçılıq təsərrüfatının inkişafında mühüm rol oynayıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” Şurud kəndində arıçılıqla məşğul olan təsərrüfat adamları tərəfindən minnətdarlıqla qarşılanıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında və tibb sahəsində xüsusi rolu və çəkisi olan arıçılıq bu yaşayış məntəqəsində də uğurla inkişaf etdirilir. 2017-ci ilin noyabr ayından başlayaraq hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları – bal festivalı” arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə keçirilən müsabiqədə Şurud balı da yüksək ­qiymətləndirilib.
Ata-babasının arıçılıq peşəsini uğurla davam etdirən Şurud kənd sakini Arif Nuriyev bildirdi ki, yay aylarında arı ailələrini Yarpaqlıya aparırıq. Buranın təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü arıların keyfiyyətli bal toplamasına münbit şərait yaradır. Arıçılığın inkişafına belə dövlət qayğısı bizi bu sahə ilə daha səylə məşğul olmağa sövq edir. Arılar arasında yayıla biləcək xəstəliklərin qarşısının alınması üçün biz təsərrüfat adamlarına vaxtlı­-vaxtında dərmanlar və preparatlar verilir.Təsərrüfat adamları ilə maarifləndirici söhbətlər aparılır.
Şurud kənd sakini Ələmqulu Quliyev söhbət zamanı bildirdi ki, uzun illərdir, bu sahə ilə məşğul olduğu üçün arıçılığın bütün sirlərinə bələddir. O dedi ki, Şurud dağlıq yer olduğu üçün bu yurd yerinin balı keyfiyyətcə başqa yerlərin balından fərqlənir. Qeyd edim ki, dağ çiçəkləri arıların bal toplaması üçün gözəl məskən və mənbə sayılır. Alıcılar da dağ balının dadına, ətrinə və keyfiyyətinə hər vaxt yüksək qiymət verirlər. Balın dadı və faydalılığı başlıca olaraq arının hansı ərazidə saxlanmasından, hansı çiçəkdən şirə çəkməsindən asılıdır. Ata-babalarımız söylə­yiblər ki, arı saxlanan evdə ruzi-bərəkət bol olar. Onun məhsulundan daddıqca canın dərd-bəla görməz. “Bal min bir dərdin dərmanıdır”. El arasında onu da deyirlər ki, arı müqəddəsdir, o, haram götür­mür. Arı saxlamaq böyük zəhmət tələb etsə də, doğma yurdumuzun əsrarəngiz təbiəti işimizi xeyli asanlaşdırır. Sevindirici haldır ki, arıçılar üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Hər il festivalların keçirilməsi həm Şurud balının geniş şəkildə tanıdılması, həm də arıçılar üçün satış imkanı yaradır.
Digər kənd sakini Babək Kalbalıyev də arıçılığa gəlirli sahə kimi baxır, bu sahənin ildən-ilə genişləndirilməsinə diqqət yetirir. Onunla söhbət zamanı vurğuladı ki, kənddə istehsal edilən bal tərkibinin zənginliyinə, qidalılığına, müalicəvi əhəmiyyətinə görə digər kəndlərin balından daha keyfiyyətlidir. Biz çalışırıq ki, göstərilən dövlət qayğısından lazımınca bəhrələnərək daxili bazarın yüksəkkeyfiyyətli arıçılıq məhsulları ilə təmin olunmasına öz töhfəmizi verək. Ona görə də bu yaxınlarda keçiriləcək növbəti festivala ciddi hazırlaşırıq.
Sakinlərdən Hidayət Hümbətov da arıçılığa gəlirli sahə kimi baxır. O qeyd etdi ki, xalq arasında “Bal tutan barmaq yalar” atalar sözü göstərir ki, xalqımız balı hər zaman qida məhsulu və gəlir­gətirən əvəzsiz nemət hesab edib. Ölkə başçısının sərəncamına əsasən 5 il müddətində arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailə­sinə görə subsidiya müəyyən edilib. Bu da biz təsərrüfat adamlarını arıçılığın inkişaf etdirilməsinə daha da ruhlandırıb. Biz ildən-ilə arı ailə­lərinin sayını artırmaqla bərabər, keyfiyyətli bal istehsal edilməsinə də ciddi diqqət yetirir, muxtar respublika əhalisinin yüksəkkeyfiyyətli balla təmin olunması üçün var qüvvəmizlə çalışırıq. Necə deyərlər:

Bağ salıb gül əkməyən,
Gülün yerə tökməyən,
Arı qəhrin çəkməyən,
Balın qədrin nə bilər.

Göründüyü kimi, dağlar qoynunda məskən salmış Şurudun təsərrüfat adamlarının hər biri min bir dərdin dərmanı sayılan keyfiyyətli bal istehsalına öz töhfəsini vermək üçün zəhmətə qatlaşır, xalqımızın qədim məişətində möhkəm yer tutmuş arıçılığı inkişaf etdirir, arıçılıq məhsulları hesabına öz güzəranlarını yaxşılaşdırırlar.

Ədalət Cəfəroğlu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR