Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və cari ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclasda agentliyin Baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirmişdir ki, 2013-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2012-ci ilin birinci yarımilliyi ilə müqayisədə sığorta tədiyyələrinin toplanması 10,4 faiz, ödənilmiş sığorta məbləğlərinin həcmi 31,3 faiz artmışdır. Ümumilikdə, 2013-cü ilin ilk 6 ayında 50273 ədəd sığorta müqaviləsi bağlanmışdır. Qeyd olunan dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10181 ədəd, daşınmaz əmlakın icbarı sığortası üzrə 11704 ədəd, fərdi qəza sığortası üzrə 17663 ədəd sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən 2013-cü ilin ilk 6 ayında sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 217 müqavilə bağlanmışdır.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq, sənayedə, tikintidə, nəqliyyatda, dövlət və qeyri-dövlət müəssisələrində, sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlərlə iş aparılmış, 297,2 min manat sığorta haqqı toplanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3 faiz çoxdur.
Qeyd olunmuşdur ki, cari ilin fevral-iyun aylarında yerli icra hakimiyyətləri ilə birlikdə sığorta agentliyinin işi müzakirə olunmuş, bu gün mühüm əhəmiyyət kəsb edən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının, daşınmaz əmlakın icbari sığortasının, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın üstünlüklərindən bəhs olunmuşdur. Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları yerli icra hakimiyyətləri ilə birlikdə bütün rayonların böyük kəndlərində maarifləndirici tədbirlər keçirmiş, sığortanın əhəmiyyəti barədə söhbət aparmış, kənd sakinlərini maraqlandıran sualları cavablandırmışlar.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Xəbərlər şöbəsi