“Əgər planetimizdə fəlakət baş versə və bu fəlakət nəticəsində yaşlı nəsil məhv olub yalnız kiçik uşaqlar qalsa, insan nəsli kəsilməsə də, insanlıq tarixi pozula bilər, bəşəriyyət öz insaniliyini itirə bilərdi. Mədəniyyət xəzinələri mövcud olsa da, onlardan heç kim istifadə edə bilməzdi”.
A.PERON
Doğrudan da, öyrənərək öyrədən insanın övladının tərbiyədən kənar yaşadığı hər bir anı evin bünövrəsinə damla-damla sızan suyu xatırladır. “Böyüksüz yerdə oturma”, – deyən ulularımız elə bu səbəbdəndir ki, bir-birini əvəzləyən əsrlərin bizə aydın, parlaq gələcək bəxş etməsi üçün, ilk növbədə, məhz gələcəyimizin evimizdəki əmanəti sayılan övladlarımızın düzgün tərbiyəsinə daha diqqətlə yanaşmağı tövsiyə etmişlər. Axı tərbiyənin ən gözəl keyfiyyətlərini – ədəb-ərkan qaydalarını uşaqlara mükəmməl öyrətmək millətin gələcək sərmayəsi, yüksəlişidir.
Uşağın dünyaya gəlişi ilə ailədə çox şey dəyişir.
Deyir, bir gün məşhur yunan sərkərdəsi Femistokl öz uşaqları ilə qum topaları olan meydançada at-at oynayırmış. Bu hadisə yoldan keçən bir gəncin diqqətini cəlb edir və onu heyrətə gətirir: “Necə? Böyük sərkərdə uşaqlarla at-at oynayır?” – deyə fikirləşir. Femistokl gəncin baxışlarından bunu hiss edir və gəncə yaxınlaşıb deyir: “Ata olana kimi gördüklərini heç kimə danışma”.
Diqqət edək, Femistokl yaxşı bilirdi ki, kim olmağından asılı olmayaraq, tanımadığı bu gənc nə vaxtsa ata olanda bir sərkərdənin niyə uşaq oyunu oynadığını başa düşəcək, bütün münasibətlərdən yüksəkdə dayanan valideyn-övlad münasibətlərindəki doğmalığı hiss edəcəkdir. Bu doğmalığın fövqündə isə bir şərt dayanır: gələcək vətəndaş yetişdirmək, əsl insan tərbiyə etmək. Heç bir ləkəsi olmayan, gövhəri xatırladan uşaq psixologiyasına isə hər şey nəqş oluna bilər: xeyirxahlıq aşılansa xeyirxah, pis xislətlər aşılansa bədbəxt ola bilər. Burda əsas məsələ tərbiyəçinin kim olmağından asılıdır ki, meyillilik də məhz onun pedaqoji ustalığından qaynaqlanır.
Sokrat deyir ki, pislik biliyin azlığından əmələ gəlirsə, şər biliyin yoxluğundan törəyir. Heç bir pedaqoji ustalığı olmayan valideyn, əslində, toxumu şor yerə səpən əkinçiyə bənzəyir. Bunun əksinə olaraq, övladının tərbiyəsinə, özü də pedaqoji baxımdan diqqət yetirən valideynsə övladına xeyirxahlığın rüşeymlərini misqal-misqal aşılayır. Belə düzgün tərbiyə sisteminin uğurlu nəticəsi kimi valideyn və övlad təkcə cismən yox, həm də mənən doğmalaşaraq bir-birlərinə bağlanır, tərəf müqabili kimi bir-birlərini asan başa düşürlər. Ümumiyyətlə, uşaq qəlbi həmişə valideyn sevgisinə ehtiyac duyur. Bəs valideyn necə, bu məhəbbəti övladlarına eyni dərəcədə paylaya bilirmi? Bəs tarazlıq pozulanda?
Ailəyə ilk uşaq gəlir – evin mütləq hakimi, yerinə heç kəsin keçə bilməyəcəyi bir varlıq. Nə qədər ki, o, təkdir, “taxt-tacın” yeganə varisidir. Bəs sonra?.. Bax əsas məsələ elə bu sonradır. Elə ki ailəyə ikinci uşaq gəldi, bu uşaq öz gəlişi ilə birincini mənsub olduğu “taxtdan” salır, eyni zamanda ilk uşağa aid yeni məsuliyyətlərin ortaya çıxmasına səbəb olur. Hətta bəzi ailələrdə birinci uşaq böyüklərdən tələb ediləcək işləri yerinə yetirmək məcburiyyətində qalır. Sizcə, hər şeyi beləcə alt-üst edən bu uşağın gəlişi birinci uşağın ürəyincə olarmı? Əlbəttə, yox! Özünə qarşı yönələn laqeyd münasibətlə razılaşmayan uşaq ikinci uşağa özünəməxsus aspektdən yanaşır. Əslində, bu, qarışıq situasiyadır, şəxsiyyətin ikiləşməsi anıdır. Pedaqoji baxımdan səhvə yol verən valideynin diqqətdən kənarda qoyduğu birinci uşaq evdəki liderliyini geri qaytarmaq üçün ikinci uşaqla mənən qarşı-qarşıya gəlir. Bu isə artıq kimisə qalib, kimisə məğlub edən mübarizədir. İkinci uşaq kiçik olmağına baxmayaraq, birinci uşağın ona olan qısqanc münasibəti müqabilində formalaşaraq mənsub olduğu yeri itirməmək üçün daha çox ərköyünləşir, daha çox əzizlənir, şit hərəkətlər edir. Uşaqlarının bu münasibətinə reaksiya verməyən valideyn baş verənlərin hamısını birinci uşaqların ümumi taleyi kimi qəbul edir və müəyyən mərhələdə uşağın istəklərinə zidd getməsinə də təbii baxır. Lakin məqsədlərində inadlaşan uşaqlar mənsub olduqları hər şeyin, əsas da ata-ananın yalnız ona məxsus olması üçün çalışır. Birinci uşaq “mən böyüyəm”, ikinci uşaqsa “evin əziziyəm”, – deyə ayağını bir başmağa geyir. Təkcə bu münasibət onların günlərinin, ən azı, yarısını alır.
Adətən, valideynlər elə o vaxt ayılırlar ki, iş işdən keçib. Bir sual düşüncələrinə rahatlıq vermir: “Axı onun uşaqları bu kin-küdurəti hardan öyrəniblər?” Valideyn cavabını tapa bilmədiyi bu suallardan yaxa qurtarıb qaçmağa, hansısa müsbət fikirlərdə köklənməyə çalışsa da, ancaq “yaxşı” deyib söykənməyə bir dayaq görmür. Demək, qalaqlanmış səhvləri çözmək məqamıdır.
Nə zaman ki ikinci uşaq dünyaya gəlmişdi, o zaman birinci uşaq ikinci plana keçmişdi, hətta onun uşaq olmağı belə unudulmuşdu. Laqeydlik onu anasının ən yaxın köməkçisinə, evin qulluqçusuna döndərmişdi. Bu “böyüklük” rolu isə uşağı mənən sıxaraq depressiya vəziyyətə gətirmişdir. Valideynləri ikinci uşağı hər dəfə atıb-tutub oynatdıqca birinci uşaq öz “mən”ini içində boğub bu mənzərəyə həsrətlə baxır. İşdən gələn atasının onun yanından necə sürətlə keçib balacanı bağrına basdığı zaman yanağına yuvarlanan göz yaşlarının belə, fərqinə varılmayıb. Unudulub da demək olmaz; paltarını ver, beşiyi yırğala, ağlamağa qoyma və sair bu kimi işlər zamanı mütləq birinci uşaq yada düşüb. Təsadüfən nəsə hiss edən zaman da “sən böyüksən”, – deyə həm özlərinə, həm də uşağa təskinlik verməyə çalışıblar. İkinci uşağın gəlişinə qədər evin əziz-xələfi olan uşaqsa onu nəinki bu uşaq qədər əzizləməyən, hətta bəzən heç hörmət də qoymayan valideynlərindən küsür, “mən evdə artığam, daha məni sevmirlər” qənaətinə gəlir. Mənən təkləşən uşağın bu qısqanclıq hissi tədricən əhatəsini genişləndirir, ikinci uşağa, sonra isə bütün ətrafına qarşı soyuq silaha çevrilir. Artıq o, evdə öz qanunları çərçivəsində hərəkət edir, üzünü görmək istəmədiyi balacanı saymır, ona qarşı laqeyd olur, ondan qisas almaq üçün an axtarır. Araya salıb balacanı döyəndə isə özünü çox rahat hiss edir, necə deyərlər, ürəyi soyuyur. Belə uşaqda kin o qədər çoxalır ki, hətta o, “mən bacı, yaxud qardaş istəmirəm”, – deyə üsyan edir. Çünki hər gün gözünün qabağında olan rəqibinin varlığı onun qəlbini sıxır, ona mənəvi əziyyət verir, yaşam tərzini qəlizləşdirir. Artıq mənəviyyatca kobudlaşan bu uşaq oyun zamanı kiçik uşağı bütün arzu və istəklərinə tabe etməyə çalışır, dediyi hər şeyi sorğu-sualsız yerinə yetirməyə vadar edir. Əslində, bu, onun cəmiyyətə qarşı yönələn mübarizə tipidir. Kənardan belə bir uşağın keçirdiyi acı hisslərin şahidi olmaq necə də acınacaqlıdır. Bu, ailədə özünü ögey hiss etmək duyğusudur. Axı biz ona təkcə uşaq kimi yox, həm də bir şəxsiyyət kimi yanaşmalıyıq. Bu uşaqlar hələ aynaya baxıb özlərini tanıdığı andan, kim olduqlarını dərk etdikləri məqamdan valideyn sevgisini qazanmaq üçün sonsuz bir mübarizənin içinə atılıblar. Belə bir sevginin qarşılığı kimi bu uşağı heçləşdirmək nə dərəcədə mümkündür? Öz sevgisini övladları arasında düzgün bölməyən valideyn hansı haqla onlar arasında ayrı-seçkilik yarada bilər? Demək, irəliyə yol yoxdur. Dayanıb düşünmək, buraxılan səhvləri bərpa etmək, münasibəti dəyişmək lazımdır.
Elə düşünməyin ki, uşaqlar arasındakı qısqanclıq yalnız valideynlərin öz sevgilərini düzgün paylaşmadığı ailələrdə olur. Yox! Belə münasibətlər bəzən tərbiyənin ən yaxşı xüsusiyyətlərini aşılayan ailədə də baş verir. Lakin əvvəl qeyd etdiyimiz uşaq psixologiyasından fərqli olaraq, burda uşaqlar qarşısına heç bir qərəzli məqsəd qoymadan mübarizə aparırlar. Onların bu mübarizəsi qısa, sadə və elementardır. Məsələn, böyük uşaqla kiçik uşaq oyuncağı heç cür bölüşə bilmirlər. Onların heç biri dərinliyə varmadan, “oyuncaq mütləq mənim olmalıdır” fikri üzərində dayansalar da, hansınınsa yumşaldıcı, təsiredici sözü qarşı tərəfi bir andaca zərərsizləşdirir, yanaqlarında gilələnən yaş damlaları indi də gülən toppuş yanaqlarda yırğalanır, necə deyələr, novellasayağı bir nəticə ortaya çıxır. Bu mübarizəyə dava-dalaşla başlayan uşaqlar az sonra mehriban dosta çevrilirlər. Uşaqlara insanlararası münasibətlər haqqında sadə məlumat verilməlidir. Belə əlaqələr haqqında məlumat alan uşaq ailədəki heç bir uşaqla münasibətdə çətinlik çəkmir. Qısqanclıq hissi yaranıbsa da, o, tezliklə kollektivçilik hissi ilə əvəzlənir. Münasibətləri fərdilikdən uzaqlaşıb sosiallaşır. Hətta belə xarakterli uşaq olan ailədə bu uşağın gələcəkdə olacaq bacı, qardaşına müsbət münasibəti haqqında da tam əminliklə danışmaq olar.
Əgər bu gün bizim tərbiyə etdiyimiz uşağa yaxşı deyirlərsə, demək, bizim özümüz də yaxşıyıq. Yox, əgər ona pis deyirlərsə, biz nə haqla özümüzə yaxşı deyə bilərik? Axı uşağın əsas tərbiyə məktəbi ailəsindəki münasibətidir. Çalışaq ki, tərbiyədə heç vaxt ilməni qaçırmayaq.
Zəhra SEYİDOVA
Babək rayon Qoşadizə kənd tam orta məktəbinin müəllimi