Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür.
Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 41 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir.
Ailələrin sağlamlıqlarının qorunması muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir.
Ölkəmizdə ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və insanların yeni həyat standartlarına uyğunlaşdırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ailələrin güzəştli şərtlərlə mənzil sahibi olmasına şərait yaradıb.
Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvanda müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci il aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib. Hazırda da şəhərimizdə yeni yaşayış binaları tikilməkdədir. Naxçıvan şəhərindən başqa, Babək və Kəngərli rayonlarında da yeni yaşayış binaları sakinlərin ixtiyarına verilib. Həmçinin Şahbuz şəhəri, Sədərək, Ordubad rayonlarında da yeni yaşayış binaları inşa edilir ki, bu binalarda gənc ailələr ipoteka kreditləri ilə də mənzil əldə edə biləcəklər. Eyni zamanda şəhər və rayonlarda yaşayış binaları əsaslı şəkildə təmir olunaraq ailələrin istifadəsinə verilir. Yeri gəlmişkən qeyd etmək olar ki, 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 521 ev tikilmiş və ya yenidən qurulmuşdur.
Ailələrin rifahının təmin olunmasında məşğulluğun da rolu danılmazdır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması ailələrimizin maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açıb. Hazırda muxtar respublikada 1020-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Həmçinin sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilir.
Ailə dəyərlərinin qorunub yaşadılması və təbliği baxımından Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin icrası istiqamətində hər il 15 may – Beynəlxalq Ailə Günü geniş şəkildə qeyd olunur, silsilə tədbirlər həyata keçirilir. Həmçinin ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur. Komitə tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maarifləndirici tədbirlər həyata keçirilir.
Qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə və ailələrinə dəstək olmasına da xüsusi qayğı göstərilir. Bu məqsədlə “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada “Gələcəyini planlaşdır” təlimləri keçirilir.
Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması ailə siyasətinin əsasını təşkil edir. Muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkilir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Görülən işlərin nəticəsində 2019-cu il 1 yanvar tarixli statistik məlumatdan aydın olub ki, ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunub.
Qeyd edilənlərlə yanaşı, muxtar respublikada ailə dəyərlərimizin təbliğ olunması məqsədilə yaradıcılıq müsabiqələri keçirilir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri ilə bağlı maarifləndirici çıxışlar edilir.
Yeni qurulan gənc ailələr də muxtar respublikada ailələrin sağlam qurulmasına və uzunömürlü olmasına hesablanmış dövlət qayğısından düzgün istifadə etməli, öz üzərlərinə düşən vəzifələri, cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti