Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu məqsədlə ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari il aprelin 1-dən yaşa görə sosial müavinətin məbləği 73 manatdan 130 manata, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə bağlı baş verdikdə əlilliyə görə müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 82 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 61 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 52 manatdan 110 manatadək artırılıb. Sərəncamla, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər üçün sosial müavinət 101 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 81 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 73 manatdan 110 manata, Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə və ya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar I dərəcə əlilliyi olan şəxslər üçün 94 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 81 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 61 manatdan 110 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinət 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 68 manatdan 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) ödənilən sosial müavinətin məbləği 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına ödənilən sosial müavinətin məbləği 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınlara ödənilən sosial müavinətin məbləği 33 manatdan 55 manata, uşağın anadan olmasına görə ödənilən birdəfəlik sosial müavinətin məbləği 109 manatdan 200 manata, dəfn üçün ödənilən birdəfəlik sosial müavinətin məbləği isə 146 manatdan 300 manata yüksəldilib.
Eyni zamanda son dəyişikliklərlə sosial qayğıya ehtiyacı olan şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü də artırılıb. Nəticədə, müharibə ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olmuş və Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar I dərəcə əlilliyi olan şəxslər üçün prezident təqaüdü 182 manatdan 250 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 158 manatdan 230 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 121 manatdan 210 manata çatıb. Həmçinin əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar baş verdikdə I dərəcə əlilliyi olan şəxslərə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü 73 manatdan 100 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü 121 manatdan 150 manata qədər artırılıb.
Əlavə edək ki, müvafiq fərmanla, həmçinin I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində, müharibə veteranlarına isə 55 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Qeyd edək ki, artıq muxtar respublikada sosial müavinətlərin artımla ödənilməsinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara Prezidentin təqaüdlərinin artırılması əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidməti