22 Dekabr 2024, Bazar

Qədim tarixə, füsunkar təbiətə, müasir infrastruktura malik olan muxtar respublikamızda ­sabahımızın qurucuları olan fəal və qabaqcıl gənclərimiz dövlət qayğısı ilə əhatə edilib. Yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, istedad və qabiliyyətlərinin inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Gənclərə hərtərəfli şəraitin yaradılması, fəaliyyətlərinin qiymətləndirilməsi onlara ölkəmizin, eləcə də muxtar respublikanın tarixini, mədəni irsini və turizm potensialını təbliğ etmələri üçün stimul verir. Son günlərdə isə diyarımızın hər bir tərəfində gənclərdə xüsusi coşqunluq, sevinc dolu bir həyəcan, təlaş hiss olunur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində rəsm, əl işləri, foto, memarlıq,  musiqi, rəqs və teatr yaradıcılığı sahələri üzrə ilk dəfə keçiriləcək “Yaradıcı gənclər” festivalına hamı böyük həvəslə hazırlaşır. Biz də belə gənc­lərimizin bir neçəsi ilə həmsöhbət olduq.

Pərvin Allahverdiyeva Şərur rayonunun ­Yengicə kəndində yaşayır. O, xalçanın ilmələrini, naxışların mənasını həvəslə izah edir, gördüyü işdən zövq aldığını bildirərək deyir ki, bu sənətlə məşğul olmağa başlayanda başım ilmələrə elə qarışır ki, günün nə vaxt başa çatdığından xəbərim olmur. Bu iş artıq həyatımı mənalandıran sevimli bir sənətə çevrilib mənim üçün. Bu ilmələrin kölgəsində ömür adlı ağacın budağından yapışıb yaşayıram.
Müsahibim onu da xüsusilə vurğulayır ki, fiziki imkanları məhdud olan bəzi insanlar bir işin qulpundan yapışmağa, hansısa sənətlə məşğul olmağa həvəs göstərmirlər. Bəzən isə ailələri onları cəmiyyətdən təcrid edir, qapalı mühitdə böyüdürlər. Bu da belə gənclərdə həyata küskünlük yaradır. Amma mən heç vaxt belə düşünmürəm, hətta təhsildən də qalmamışam. 2008-ci ildə Naxçıvan Tibb Kollecinin Əczaçılıq işi ixtisasını və Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursunu bitirmişəm. Qədim xalçaçılıq sənətinin sirlərini öyrənmək üçün isə Bakı şəhərində kurs keçmişəm. Bu günədək 10-a yaxın kiçik xalça toxumuşam.
Festivalda öz əl işləri ilə iştirak edəcəyini bildirən Pərvin deyir ki, Naxçıvanda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, belə şəxslərə qayğı daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikamız bu sahədə də bir çox dünya ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Butün bunlar isə bizi sənətimizə daha möhkəm tellərlə bağlayır.

Məmməd Məmmədli Naxçıvan Musiqi Kollecinin Tar ixtisası üzrə dördüncü kurs tələbəsidir. Hələ kiçik yaşlarından öz istedadı ilə həmyaşıdlarından seçilib. Sənət zirvəsinə aparan yolda ilk inamlı addımlarını atan bu istedadlı gənc bir sıra müsabiqələrdə, hazırda təhsil aldığı Musiqi Kollecində keçirilən tədbirlərdə uğurla iştirak edir. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar Məmmədin 2018-ci il aprel ayının 13-də keçirilmiş solo konserti çox uğurlu olub. Gənc musiqiçimizin nailiyyətləri bununla bitmir. O, ötən il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə keçirilən müsabiqədə birinci yeri qazanıb. Daha sonra “Testene­-Art” III Beynəlxalq incəsənət festival-müsabi­qəsinin qalibi olub.
Məmmədin dediklərindən: “Musiqiyə uşaqlıqdan böyük həvəsim olub, xalq musiqilərini heyranlıqla dinləmişəm. Atam nağara ifaçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mustafa Məmmədovun bu sənətə gəlməyimdə çox böyük rolu olub. Əvvəllər tar ifaçılarına həsədlə tamaşa edir, bu sənəti öyrənməyə can atırdım. Elə bu düşüncə ilə də 2009-cu ildən Naxçıvan şəhərindəki 3 nömrəli Uşaq Musiqi Məktəbində tar sinfində təhsil almağa başladım. Fətəli Axundzadə mənim ilk müəllimim olub. Burada təhsil aldığım illərdə keçirilən müsabiqə və konsertlərdə çıxışlarım maraqla qarşılanıb. Ötən dövr ərzində bir çox diplom, fəxri fərman və qiymətli hədiyyələr qazanmışam. Bütün bu uğurlarım üçün başlıca stimul muxtar respublikamızda gəncliyə həssas münasibət və hərtərəfli qayğı, kollecdə gənc musiqiçi kadrların yetişməsi üçün yaradılan şəraitdir. Gələcəkdə öz sənətim və bütün əzmimlə diyarımızda incəsənətin inkişafına töhfə verməyə çalışacağam”.
Türkan Cəfərli də muxtar respublikanın mədəni həyatında fərqlənən gənclərdəndir. Kağızdan maraqlı əl işləri düzəldən, Kəngərli rayonundan olan Türkan artıq 3 ildir ki, bu işlə məşğul olduğunu söyləyir. Naxçıvan Müəllimlər İnstitutunda təhsil aldığı illərdən bu sahəyə marağı olub. İlk vaxtlarda çox yaxşı alınmasa da, günü-gündən öz üzərində çalışmaqla gözəl əl işləri düzəldə bilib. Kağızdan hazırladığı fiqurları uşaq bağçalarına bağışlayır. 2016-cı ildən başlayaraq muxtar respublikamızda müxtəlif sərgi-müsabiqələrdə iştirak edir. Müsahibim deyir ki, Naxçıvanda ilk dəfə keçiriləcək “Yaradıcı gənclər” festivalına xüsusi həvəslə hazırlaşır.
Cəlil Xudiyev çəkdiyi rəsmlərlə çoxlarının maraq və rəğbətini qazanan istedadlı fırça sahibidir. Ötən illər ərzində bir sıra uğurlara imza atan yaradıcı gəncimizin 2016-cı ildə Babək Rayon Mədəniyyət Sarayında istedadlı uşaqların rəsmlərindən ibarət sərgidə iştirakı həyatının ilk ən yadda­qalan hadisəsi olub. 2017-ci il may ayının 28-də isə tələbəsi olduğu “Naxçıvan” Universitetində ilk fərdi sərgisi təşkil edilib. Gənc rəssamın həmin sərgidə yer alan “Haçadağ”, “Üzən ada”, “Batabat” və Naxçıvan təbiətini əks etdirən digər tabloları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. O, keçirilən tədbirlərdə, müsabiqələrdə qazandığı uğurların nəticəsi olaraq 2018-ci ilin yekunlarına görə “İlin gənc rəssamı” nominasiyasının qalibi olub. Cəlil Xudiyev 2019-cu ilə də uğurla başlayıb, uşaqlar-gənclər arasında keçirilən “Naxçıvan – 95” adlı rəsm müsabiqəsindəki fəallığına görə, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “İncəsənət döyüşü” müsabiqəsində isə II yer tutduğu üçün diplomlarla təltif olunub. Gənc rəssamla söhbətim təhsil aldığı “Naxçıvan” Universitetində baş tutdu. Ali təhsil ocağında keçirilən fərdi sərgisində nümayiş etdirilən rəsmlərlə tanışlıq zamanı yaratdığı tablolarda özünəməxsus düşüncələrini təsvir etməsini elə ilk baxışdan sezə bildim.
Cəlil Xudiyev ötən illər ərzində qazandığı uğurlardan, rəssamlıq sənətinin incəliklərindən söhbət açdı. Dedi ki, müasir dövr tamaşaçısında maraq yaratmaq asan deyil, hər kəs baxdığı rəsmdə ideya, fikir axtarır, özünü həmin rəsmdə tapmaq istəyir. Bu mənada, mən də çəkdiyim rəsmlərdə öz düşüncələrimi, müşahidələrimi, həyatda yaşananları əks etdirməyə çalışıram. Rənglər məni darıxmağa qoymur, ruhumu oxşayır, daha yaxşı rəsmlər yaratmağa sövq edir. Əsasən, natürmort üslubunda rəsmlər çəkən fırça sahibinin ən çox sevdiyi fəsil yazdır. Elə uğurlu rəsm əsərlərinin də əksəriyyəti onun ilham mənbəyi olan yaz fəslinin ecazkar gözəl­likləri ilə bağlıdır. Ən çox sevdiyi rənglər isə yaşıl və qırmızıdır. Cəlil iki il bundan öncə muxtar diyarımızda bir ilkə imza ataraq face art və qrim ustası kimi də fəaliyyət göstərməyə başlayıb. Naxçıvanda ilk dəfə keçiriləcək “Yaradıcı gənclər” festivalında da bu bacarığını nümayiş etdirməyə çalışacaq. Festivalda onun yaradıcılıq dünyasının məhsulu sayılan rəsm əsərləri də yer alacaq. Cəlil Xudiyev söhbət zamanı dedi: “Dövlətimiz gənclərə, onların yaradıcı potensialının üzə çıxarılmasına böyük imkanlar yaradır, tez-tez keçirilən müsabiqələr, festivallar bu bacarıqların inkişafı üçün geniş meydan açır. Gənclərə isə yalnız öz üzərində çalışıb, daha çox uğur qazanmaq qalır”.
“Yaradıcı gənclər” festivalında iştirak etmək üçün artıq qeydiyyatdan keçdiyini və bu yaradıcılıq bayramının onun uğurlarını daha da artıracağına inandığını bildirən Cəlil Xudiyev gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etdi.
Səma İbrahimli həmin festivalda əl işləri sərgilənəcək sağlamlıq imkanları məhdud, lakin istedadlı gənclərdən biridir. O, Culfa Şəhər Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinin üzvüdür. Səma ilə həmsöhbət olduğumuzda öyrənirik ki, o, məişət tullantıları, daş, ip, şüşə və digər materiallardan istifadə edərək müxtəlif əl işləri, ornamentli və ya süjetli dekorativ kompozisiyalar hazırlayır. Dərnəkdə öyrəndikləri onun bilik, bacarıq və vərdişlərini daha da möhkəmləndirir, özünün nəyə qadir olduğunu nümayiş etdirə bilir.
Səmanın uğurları çoxdur. O, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar keçirilən “Naxçıvanım mənim” mövzusunda əl işi müsabiqəsində iştirakına, 2015-ci ildə sağlamlıq imkanları məhdud uşaqlar arasında “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda keçirilən əl işi müsabiqəsində I yeri tutduğuna, 2016-cı ildə 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən “İstedadlı uşaqlar” festivalında iştirakına, 2017-ci ildə “İstedadlı gənc qadın” nominasiyası üzrə 2017-2018-ci tədris ilində incəsənət sahəsində qazandığı nailiyyətlərə görə diplom və fəxri fərmanlarla təltif edilib.
Dərnək müəllimi Aidə İbrahimova vurğulayır ki, Səma 4 ildir, mərkəzə gəlir, çox ağıllı, qabiliyyətli qızdır. O, taleyinin ağır sınaqlarına baxmayaraq, həyatdan küsməyib, əksinə, ona daha da sıx sarılaraq gecə-gündüz öyrənmək, çalışmaq eşqi ilə yaşayır. Onun əl işlərində ixtiraçılıq ruhu özünü göstərir, bu əl işləri rəngarəngliyi, maraqlı tərəfləri ilə göz oxşayır. Səma muxtar respublikada fiziki imkanları məhdud şəxslərlə bağlı keçirilən yaradıcılıq tədbirlərində yaxından iştirak edir. Aidə müəllimə onu da qeyd edir ki, keçiriləcək festival fiziki imkanları məhdud istedadlı gənclər üçün də çox böyük stimuldur. Belə gəncləri cəmiyyətimiz daha yaxından tanımalıdır, onlara daha çox dəstək olmalıyıq. Mən inanıram ki, dövlətimizin qayğısı sayəsində bu kateqoriyadan olan gənclərimiz də ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edə biləcəklər.
Nərmin Məmmədova Sədərək rayonunun Heydərabad qəsəbəsindəndir. Sadə bir kağız ilə möcüzələr yaradan Nərmin xanım deyir ki, hələ məktəbli ikən parçadan, kağızdan müxtəlif əl işləri düzəltməyə başlamışam. Əvvəllər bu işə həvəskar kimi yanaşsam da, zamanla gördüyüm iş mənim əsl sənət sahəmə çevrilib. İndi də bu sənəti çalışdığım bağçada davam etdirirəm. Nərmin Məmmədovanın əl işlərinə baxanda adi kağızdan belə gözəlliklərin yaradılmasına insan valeh olur. Bir anlıq düşünürsən ki, insan əlləri, fantaziyası nələrə qadirdir. Onun əl işləri muxtar respublikada mütəmadi keçirilən yaradıcılıq tədbirlərində sərgilənir. Qeyd edək ki, Nərmin Məmmədova da öz əl işləri ilə qədim diyarımızda keçiriləcək festivalda iştirak edəcək.
Biz də inanırıq ki, muxtar respublikamızın şəhər və rayonlarından olan yaradıcı gənclərin iştirak edəcəyi ilk “Yaradıcı gənclər” festivalı da qədim diyarımızın özünəməxsus festival ənənəsini gənclik şövqü və həyatsevərliyi, rəngarəngliyi ilə zənginləşdirəcək, istedadlı gənclərimizin gələcək sənət uğurları üçün yeni üfüqlər açacaq.

 Ramiyyə ƏKBƏROVA
 Nail ƏSGƏROV
 Güntac ŞAHMƏMMƏDLİ
 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR