Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə agentliyin Baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub.
Bildirilib ki, diyarımızda ötən bir il müddətində, 1 aprel 2019-cu il tarixə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 1001, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 573 müqavilə bağlanılıb.
Baş direktor diqqətə çatdırıb ki, görülən işlərlə yanaşı, sığorta müqavilələri bağlamaqdan yayınma halları da vardır. Bunlara yol verilməməsi üçün hər iki dövlət qurumu bu işə diqqəti daha da artırmalı, sahibkarlar arasında izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, nazirliyin bölmə rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov, şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.
Əli CABBAROV