22 Dekabr 2024, Bazar

Ata-babalarımız tərəfindən xalq təqvimində aprel ayının bəzi günlərinə müəyyən adlar verilib. Bunlardan biri də lalə dövrüdür. Ayın son günlərinə təsadüf edən bu dövrdə çöl-çəmən qırmızı xalıya bürünür.

Aprel ayının, təxminən, ikinci həftəsindən muxtar respublikanın aran zonasında dağ və təpələrin güney tərəflərində xalqın “sarı çiçək” adlandırdığı, yağıntılı illərdə hündürlüyü 40-50 santimetrə çatan bu çiçəklər tala-tala bitir. Belə bir deyim vardır ki, sarı çiçək çıxdısa, deməli, qoyun­-quzuya evdə yem verməzlər. Heyvanlar təzə-tər vaxtı bu çiçəkləri yemirlər. Amma sarı çiçəyin yetişməsi heyvanları doyuracaq digər otların da çıxmasına işarədir. Sarı çiçəyin görünməsindən 5-10 gün keçəndən sonra lalə dövrü başlayır. Maraqlıdır ki, dağ yamaclarında sarı çiçək və lalə eyni sahədə qarışıq örtük əmələ gətirir və kənardan baxanda qırmızı rəng daha çox görünsə də, yaxından sarı-qırmızılı talalar göz oxşayır. Muxtar respublika ərazisində lalənin bir çox növü olsa da, iki növü – dağlıq zonada çoxləçəkli və çoxillik böyük xaşxaş laləsi, aran zonasında isə dördləçəkli kiçik xaşxaş laləsi daha geniş yayılıb. Aran laləsi istər təzə vaxtı, istərsə də quruyandan sonra heyvanların yemini təşkil edir. Saplağı qırandan sonra çıxan süd insanın bədəninə dəyəndə qırmızı ləkə əmələ gəlir və bir neçə gün getmir.
Lalə arıçılığın inkişafında da mühüm rol oynayır. Qışdan zəif çıxan arı ailələri bu dövrdə sürfə qoyub ailəni gücləndirməyə çalışır. Arılar əvvəlcə sarı, sonra isə qara güləm (çiçək tozu) gətirir. Arı sürfələri çiçək tozu və bal (şəkər) ilə qidalanır. Ona görə də arıçılar üçün lalə dövrü daha çox zəhmət tələb edir. Bu dövrdə arı ailələrini daim nəzarətdə saxlamaq, yemi az olan arı ailəsinə əlavə şirə vermək, zəif arı ailələrinə güclü ailələrdən sürfələr olan pətək götürüb qoymaqla, zəif ailəni gücləndirmək lazımdır.
Xalq təqviminə görə, aprel ayı çıxma­mış, yəni lalə dövründə Naxçıvanda qoyunları (xüsusən çöldə saxlanılan qoyunları) qırxmazlar. Bu il olduğu kimi bəzən təbiət şıltaqlıq edir, qar yağır. Bu zaman qırxılmış qoyunlar çöldə xəstələnib ölə bilər. Ağacları isə şaxtadan qorumaq üçün ağac yonqarını yandırıb tüstüsünü bağa verərlər.
Yazın bu dövründə təbiət nə qədər füsunkar olsa da, bəzi insanlar üçün heç də sevindirici deyil. Bir çoxlarında bu vaxtlar bitən çiçəklərdən allergiya yaranır. Xüsusən bu mövsümdə tez-tez rast gəlinən allergiya növü həmin insanları çox narahat edir. Bu xəstəlik formasına görə qripə oxşasa da, ən çox gözlərə təsir edir. Göz qızarıb sulanır, günəşə baxmaq olmur.
Lalə dövründə bəzi günlərə təsərrüfatlarda görüləcək işlərlə bağlı müxtəlif adlar verilib. Belə ki, payızda əkilən taxıllar yazda öz dibinə kölgə saldığı vaxt ikinci su verilir. Bu su, adətən, aprelin 15-dən sonra verilir. Həmin su el arasında “xəkov” və ya “armudavar” adlanır. Bildiyimiz kimi, alma, armud ağacları ərik, alçaya nisbətən gec çiçək açır. Ona görə armud, almanın çiçəkləməsi taxıla ikinci su verməyin vaxtını bildirir.
Aprelin 20-dən sonra olan dövrə el arasında “qaranquşun palçıq bağlayan” dövrü də deyirlər. Bu dövrdə qaranquşlar köhnə yuvalarını sahmana salır və ya təzə yuva qururlar. El arasında deyirlər ki, bu dövr kəsilən kərpic möhkəm olar. Vaxtilə evlər çiy kərpicdən hörülərdi. Ona görə də bu dövrdə kərpic kəsilib hazırlıq görülər, yay girəndə tikinti işlərinə başlanardı.
Bütün bunlar göstərir ki, aprel ayının xalq təqvimində məxsusi yeri var və bu ayda görüləcək işlərə uyğun adlar müəyyənləşdirilib.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR