22 Dekabr 2024, Bazar

İndi bu istirahət növünü seçənlər üçün hərtərəfli şərait yaradılıb

İsti yay günlərində insanların istirahətə daha çox ehtiyacı olur. İlin bu fəslində ucqar kəndlərə, təbiətin qoynuna üz tutanların sayı artmağa başlayır. Yay-istirahət turizminin əsl istirahət məkanlarından biri də çimərliklərdir. Doğrudur, bundan əvvəlki illərdə, hələ lap sovet dövründə də muxtar respublika ərazisindəki müxtəlif su mənbələrindən, çaylardan bəzi hallarda kortəbii şəkildə çimərlik məqsədilə istifadə edilirdi. Ancaq bu cür mənbələrdən istifadə müxtəlif təhlükəsizlik qaydalarının pozulmasından tutmuş antisanitariya şəraitinin yaranmasına qədər bir çox xoşagəlməz hallara səbəb olurdu. Çimərlik istirahətinin “ləzzətini” həyatları bahasına “qazananlar” da az olmurdu. Eyni zamanda hər kəs bundan yararlana da bilmirdi. Ancaq Uzunoba Su Anbarında yeni yaradılmış çimərlik zolağı, necə deyərlər, hamının ürəyincədir.

...Redaksiyadan çıxanda iş gününün sonuna hələ saatyarım vardı. Hava çox isti və bürkülü idi. Sürücümüz yol boyu isti havalarda çimərliyin faydalarından danışır, suyun fiziki yorğunluğu necə dəf etməsindən tutmuş dərinin rahat nəfəs almasına qədər təcrübi fikirlərini mənimlə bölüşürdü. Mənsə həmsöhbətimin fikirlərini təsdiq etməklə bərabər, yazacağım mövzunun bəzi detallarını dəftərçəmə qeyd edirdim. Təxminən 15-20 dəqiqədən sonra mənzil başına gəlib çatırıq. Dayanacaqda sıra ilə düzülmüş avtomobillərin yanında maşınımızı saxlayıb yerə düşürük. Hava isti olsa da, ətrafda xeyli insan var. Kimisi suda üzür, kimisi milli musiqimizin sədaları altında çətirlərin kölgəsində istirahət edir, bir qrup isə kənarda voleybol oynayırdı. Bizdən bir az aralıda dayanmış xüsusi geyimli xilas­ediciyə yaxınlaşıb hal-əhval tuturuq. Həmsöhbətimiz xidmət başında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin zabiti Ramil Hacılıdır. Çimərlikdəki vəziyyətlə maraqlanırıq: – İşlərimiz qaydasındadır. 4 xilasedici və 1 həkim olmaqla xidmət aparırıq. 2 müşahidə qülləsi var – biri sahildə, digəri isə suyun içində, – deyə əli ilə qüllənin yerləşdiyi yeri göstərir. Əsas vəzifəmiz istirahətə gələn insanların təhlükəsizliyini təmin etməkdir. Çimərliyin ərazisi 1,5 hektardır. Qumlu sahil xəttinin uzunluğu 550 metr, eni isə 60 metrdir. Çimərlik böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş sahələrə ayrılıb. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Müşahidə qüllələrində əməkdaşlarımız xidmət aparırlar. Suda olan insanlara daimi nəzarət olunur. Sahil zolağında xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Bundan əlavə, özümüz də vətəndaşlarla maarifləndirici söhbətlər aparırıq. Arabir əlindəki radiostansiya ilə xidmət yoldaşları ilə əlaqə saxlayan müsahibimiz sözünə davam edir: – Bildiyiniz kimi, əvvəllər burada tez-tez suda boğulanlar olurdu. Təcrübəsizlik, suda dərinliyin müxtəlif yerlərdə fərqli olması, eyni zamanda nəzarətin olmaması bu cür xoşagəlməz halların baş verməsinə gətirib çıxarırdı. Ancaq indi vəziyyət tamamilə əksinədir. Əsas vəzifələrimizdən biri də çimərlik üçün qadağan olunmuş digər sahillərə nəzarət etməkdir ki, həmin yerlərdən istifadə olunmasın. 

Bu qısa tanışlıqdan sonra həmsöhbətimizə xidmətində uğurlar arzulayıb mənzərəni bir də suyun içərisindən seyr etmək istəyirik. Bir az aralıda yerləşən soyunub-geyinmə kabinəsində paltarlarımızı dəyişib sahilə tərəf addımlayırıq. Su çox aydın və təmiz görünür. Ətrafımızda müxtəlif yaş qruplarından olan xeyli insan var. Burada müxtəlif su idmanı növləri ilə məşğul olmaq üçün şərait də yaradılıb. Yaxınlıqda su futbolu idmanı ilə məşğul olan bir komanda ilə qarşılaşırıq. Deyəsən, peşə marağı burada da məni sakit buraxmır. Tanışlıqdan sonra məlum olur ki, Xəlil Muradov dostları ilə Şahbuz rayonundan gəlib: “Tələbəyəm, Bakıda oxuyuram. Bu yaxınlarda gəlmişəm. Sözün açığı, bu il dənizə imkan tapıb gedə bilməmişdim. Rayona gəldikdən sonra eşitdim ki, yeni çimərlik açılıb, dostlarımla ilk dəfə bura gəldim. Düzünü desəm, çox xoşuma gəldi. Su təmizdir, idman üçün də hərtərəfli şərait yaradılıb. Ən əsası isə təhlükəsizlik baxımından çox yaxşıdır. Yəqin ki, bundan sonra bura yolumuz tez-tez düşəcək”. Vidadi Sultanov isə Naxçıvan şəhərindəndir: “Sağ olsunlar, yaxşı şərait yaradıblar. Mövsüm açılandan sonra ikinci dəfədir ki, bura gəlirəm. Həm yaxşı istirahət edirik, həm də Günəş istisindən yararlanırıq. 22 yaşım var. Üzməyi yeni öyrənmişəm. Mövsüm boyu vaxt olduqca bura gəlməyi düşünürəm”.
Sahilə çıxırıq. Bir az aralıda duş kabinələri və sanitar qovşaqlar yerləşir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, muxtar respublikamızdan kənarda yerləşən bir çox çimərliklərdən fərqli olaraq, burada əsl səliqə-sahman hökm sürür. Ətrafda kifayət qədər tullantı qutuları qoyulub. Yenidən az əvvəl altında oturduğumuz çətirin yanına gəlirik. Burada ictimai-iaşə xidməti də yaxşı təşkil olunub. Köşkün qarşı tərəfinə vurulmuş reklam lövhələri göz oxşayır. Buradakı köşkdə, əsasən, muxtar respublikada istehsal olunan müxtəlif mineral sular, meyvə şirələri, dondurmalar satılır. Köşkün sahibi Vidadi Hacızadə Babək rayonunun Didivar kəndində yaşayır. Yaradılmış şəraitdən razılıqla danışır. Satışdan da narazı deyil. Adi günlərdə 80-100, şənbə və bazar günləri isə daha çox insanın çimərliyə istirahətə gəldiyini deyir: “Çalışırıq ki, gigiyenik qaydalara daha yaxşı riayət edək. Çünki bütün bu yaradılanlar bizim üçündür, biz də öz işimizlə buna cavab verməliyik”, – deyir. Bu fikirləri az əvvəl ilk həmsöhbətimiz və indi masaya yaxınlaşan xilasetmə xidmətinin zabiti Ramil Hacılı da təsdiqləyir.

Bəli, eşitdiklərimiz bizi də çox sevindirir. Həqiqətən də, qurulub-yaradılanlara münasibət hər zaman belə olmalıdır. Artıq çimərlikdən ayrılmaq vaxtının çatdığını düşünürük. Çimərlik geyimində olduğumdan nəzərlərimlə ətrafda saat lövhəsini axtarıram. Ancaq istəyimə nail olmayınca saatı həmsöhbətlərimdən soruşuram. Mobil telefonun köməkliyi ilə sualıma cavab alsam da, ərazidə saat lövhəsinin olmadığını bildirirlər. Çimərliklərdə böyük lövhəli saatlara ehtiyacın bir zərurət olduğunu, düşünürəm ki, çoxları təsdiqləyər. Vaxt hər şeydən önəmlidir. İstirahət isə onun üçün ayrılmış vaxtda faydalı və dəyərli olur.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR